FIFA referilərə və futbolçulara danışılmış oyunların təşkili cəhdləri, eləcə də yarışların dürüstlüyünə təhlükə törədən digər pozuntular barədə anonim bildiriş göndərməyə imkan verən xüsusi platformanı istifadəyə verib.
"Report"un qurumun rəsmi saytına istinadən məlumatına görə, bu mexanizm FIFA-nın bayrağı altında keçirilən bütün turnirlərin oyunçuları və matçların rəsmi şəxsləri üçün nəzərdə tutulub.
İstifadəçilər beynəlxalq federasiyanın yarışlarının dürüstlüyünün qorunması ilə məşğul olan xüsusi bölməsinə birbaşa müraciət edə biləcəklər. Məlumatların ötürülməsi üçün 3 vasitə müəyyənləşdirilib: elektron poçt, SMS və saytdakı xüsusi forma. Bununla yanaşı, müraciət edənlərə anonimliyin saxlanılmasına zəmanət verilir.
Yeni kanalın mövcudluğu barədə futbolçulara və hakimlərə yarışlar başlamazdan əvvəl təşkil olunan iclaslarda məlumat veriləcək. Bundan əlavə, iştirakçılara informasiya materialları paylanacaq, xüsusi plakatlarda isə mesaj göndərmə sisteminə daxil olmağa imkan verən QR-kodlar yerləşdiriləcək.
Yeni sistemin mümkün pozuntular barədə xəbər verməyə mane olan əngəlləri - məlumatın ötürülməsi ilə bağlı çətinlikləri və məxfiliyin qorunması ilə əlaqədar narahatlıqları aradan qaldırmağa imkan verəcəyi bildirilib.
Bundan başqa, sosial şəbəkələrdəki təhqiramiz ifadələr, təqiblər və hədələr barədə də məlumat vermək imkanı nəzərdə tutulub. Futbolçuların bu cür müraciətləri FIFA-nın yarış iştirakçılarını internetdəki təhqirlərdən müdafiə edən xidməti tərəfindən istifadə olunacaq.
Bununla belə, danışılmış oyunların təşkili cəhdləri barədə bildiriş vermək öhdəliyi əvvəllər də mövcud olub. FIFA-nın reqlamentlərinə əsasən, futbolçular, hakimlər, klub nümayəndələri və digər rəsmi şəxslər matçların nəticələrinin mümkün manipulyasiyası ilə bağlı istənilən təklif və ya məlumat haqqında beynəlxalq federasiyanı dərhal xəbərdar etməlidirlər.