UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.
"Report"un məlumatına görə, ilk oyun günündə A, B, C və D qruplarındakı komandalar qarşılaşıblar.
Türkiyənin turnirdəki yeganə təmsilçisi "Qalatasaray" İstanbulda Belçikanın "Brügge" komandasını qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Cim-Bom" bu mövsüm qrup mərhələsində ilk qolunu vuraraq, uzatma dəqiqələrinədək öndə olduğu halda, qələbə hesabını qoruya bilməyib.
Nəticədə "Brügge" bərabərliyi təmin edərək, 3-cü pillədə qalıb və İspaniya "Real Madrid"i Fransa PSJ-si ilə görüşə çıxmamış Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edib. PSJ ilə qarşılaşmada isə "kral klubu" Kərim Benzemanın qolları ilə 2:0 hesabı ilə öndə olduğu halda, qələbəni qoruya bilməyib - 2:2. Nəticədə Fransa təmsilçisi qrup lideri, İspaniya komandası isə 2-ci pillənin sahibi kimi mərhələ adlayıb.
B qrupunda "Srvena Zvezda" növbəti mərhələni təmin etmiş Almaniya "Bavariya"sı ilə Serbiyada üz-üzə gəlib. Görüş qonaqların 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan 4-nü Robert Levandovski vurub. Polşalı hücumçuya poker üçün cəmi 16 dəqiqə kifayət edib.
Joze Mourinyo "Tottenhem"in baş məşqçisi kimi Çempionlar Liqasındakı ilk oyununda Yunanıstan "Olimpiakos"unu İngiltərədə məğlub etməyi bacarıb. Qonaqlar oyunun əvvəllərində önə keçsələr də, londonlular dönüş etməyi bacarıblar. Nəticədə 4:2 hesabı ilə qalib gələn "Tottenhem" xallarını 10-a çatdırıb və "Bavariya" ilə birgə 1/8 finala çıxıb.
C qrupunda İngiltərənin digər təmsilçisi "Mançester Siti" Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşmada qələbəni əldən verərək, heç-heçə ilə kifayətlənsə də, mərhələ adlamağı bacarıb. İtaliya "Atalanta"sı isə Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasına qalib gələrək, mərhələ şanslarını qoruyub.
D qrupunda mərhələni hələ ötən tur təmin etmiş "Yuventus" İtaliyada İspaniya "Atletiko"suna qalib gəlməyi bacarıb - 1:0. Qrupun digər oyununda Almaniya "Bayer"i Rusiyanın paytaxtı Moskvada "Dinamo"nu yenərək, "Atletiko" ilə xal fərqini minimuma endirib. Bu nəticədən sonra "Lokomotiv" qrupda qalıb, 1/8 finala ikinci vəsiqənin taleyi isə son tura saxlanılıb.
Beləliklə, 1/8 finala yüksələnlərin sayı 6-ya çatıb. Bu turadək Fransanın PSJ, Almaniyanın "Bavariya" və İtaliyanın "Yuventus" klubları bu hüquqa yiyələnmişdi. Gecənin oyunlarından sonra siyahıya İspaniyanın "Real Madrid", eləcə də İngiltərənin "Tottenhem" və "Mançester Siti" komandaları da əlavə olunub.
Çempionlar Liqası
V tur
26 noyabr
A qrupu