Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə Liqa Kubokunda növbəti mərhələnin oyunları keçirilib.
“Report” xəbər verir ki, Londonun "Stemford Bric" stadionunda keçirilən "Çelsi" - "Everton" görüşündə ev sahibləri 2:1 hesabı ilə qalib gəlib.
"Çelsi" bu qələbə sayəsində turnirin 1/4 finalına vəsiqə qazanıb.
Paralel keçən qarşılaşmada "Tottenhem Hotspur" "Vest Hem Yunayted"ə məğlub olub. "Uembli" stadionunda keçirilən görüş 2:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
"Vest Hem Yunayted" qələbə sayəsində turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb, "Tottenhem" isə yarışı tərk edib.
Yaxın vaxtlarda keçiriləcək püşkatma nəticəsində "Çelsi" və "Vest Hem Yunayted"in rəqibləri məlum olacaq.
İngiltərə – Liqa Kuboku. 4-cü mərhələ
"Çelsi" (London) – "Everton" (Liverpul) - 2:1
Qollar: 1:0 – Rüdiqer – 26, 2:0 – Villian – 90+2, 2:1 – Kalvert-Lyüin – 90+4