Bu gün "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu keçirəcək

Bakı. 22 iyul. REPORT.AZ/ Bu gün "Qarabağ" komandası futbol üzrə Çempionlar Liqasının II təsnifat mərhələsində cavab görüşünə çıxacaq. "Report"un məlumatına görə, rəqib Monteneqro "Rudar"ı olacaq. 

Petrovats şəhərindəki "Pod Malim Brdom" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlanacaq. Oyunu Georgi Kabakovun başçılıq etdiyi bolqarıstanlı hakimlər briqadası idarə edəcək. Bu komandalar arasındakı ilk qarşılaşmada hesab açılmayıb - 0:0. Növbəti mərhələyə adlamaq üçün "Qarabağ"ı məhsuldar heç-heçə də qane edir. 

"Qarabağ" Monteneqroya iki gün öncə yollanıb. Baş məşqçi Qurban Qurbanov ötən gün keçirdiyi mətbuat konfransında bildirib ki, komandasını olduqca çətin oyun gozləyir: "Rəqibin açıqlamalarından da məlum olur ki, onlar bu oyuna yaxşı hazırlaşıblar və yaxşı nəticə əldə etmək istəyirlər. Bizi də cox yaxşı motivasiya olunmuş komandaya qarşı oyun gözləyir. Təbii ki, biz bura uduzmağa yox yaxşı nəticə əldə etməyə gəlmişik". 

Qeyd edək ki, "Rudar" - "Qarabağ" cütünün qalibi Çempionlar Liqasının III təsnifat mərhələsində "Styarnan" (İslandiya) - "Seltik" (Şotlandiya) görüşünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasındakı ilk görüşdə "Seltik" qalib gəlib - 2:0. 

Xəbər lenti