Avstraliya millisi DÇ-2018-in “pley-off” mərhələsinə vəsiqə qazanıb

Bakı. 10 oktyabr. REPORT.AZ/ Avstraliya milli komandası futbol üzrə 2018-ci il dünya çempionatının “pley-off” mərhələsinə vəsiqə qazanıb. 

“Report” xəbər verir ki, Ange Postekoğlunun rəhbərlik etdiyi kollektiv seçmə mərhələnin IV raundunun cavab görüşündə Suriya yığmasını 2:1 hesabı ilə məğlub etməklə buna nail olub.

Sidneydə baş tutan oyunun 6-cı dəqiqəsində hesabı qonaqların hücumçusu Umar əl-Suma açıb. Lakin 13-cü dəqiqədə meydan sahiblərinin futbolçusu Tim Kehill status-kvonu bərpa edib – 1:1. Malayziyada baş tutan ilk qarşılaşmada da anoloji hesab qeydə alındığı üçün cütün taleyi əlavə vaxtda həll olunub. Matçın 94-cü dəqiqəsində Mahmud əl-Mavas ikici sarı vərəqə alaraq komandasını azlıqda qoyub. Əvəzində Kehill 109-cu dəqiqədə qələbə qolunu vurmağı bacarıb.

Avstraliya millisi “pley-off”da Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri Futbol Konfederasiyası zonasında V raundda 4-cü yeri tutacaq komanda il üz-üzə gələcək. Hazırda bu mövqedə Panama yığması qərarlaşıb.

Qeyd edək ki, Avstraliya millisi indiyə qədər 4 dəfə (1974, 2006, 2010 və 2014) mundialda iştirak edib. Hazırda 17 komanda 2018-ci il dünya çempionatına vəsiqə qazanıb. Bunlar Rusiya, Belçika, Braziliya, Meksika, İran, Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Almaniya, İngiltərə, İspaniya, Nigeriya, Kosta Rika, Polşa, Serbiya və İslandiyadır.

Digər xəbərlər

PSJ Alberto Moleyro ilə maraqlanır 25 noyabr, 2026 / 14:05