Bu günlərdə UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkilata üzv ölkələrin təhlükəsizlik xidmətinin əməkdaşları üçün seminar keçirilib.
Tədbirdə AFFA-nın əməkdaşı - Beynəlxalq oyunlarda təhlükəsizlik üzrə baş mütəxəssis Elnur İbişov da iştirak edib.
E.İbişov “Report”a müsahibəsində seminar zamanı müzakirə olunan məsələlərdən bəhs edib, Azərbaycanda futbol oyunları zamanı təhlükəsizlik tədbirlərinin hansı səviyyədə təşkil olunduğunu bildirib.
- UEFA-nın mənzil-qərargahında baş tutan seminarda nələr müzakirə olunub?
- Seminarın adı “Böhranlı oyunların idarə olunması” idi. İsveçrədə yaşanan terror hadisəsinin necə başlanması, polisin müdaxiləsi, azarkeşlərin təxliyə olunması prosesləri göstərildi. Eyni zamanda son bir il ərzində Avropada böhranlı oyunlar müzakirə olundu. Bura klubların avrokubok görüşləri və milli komandaların iştirakı ilə keçirilən beynəlxalq matçlar daxildir. Videoroliklər izlənildikcə hər kəsdən öz fikrini soruşurdular.
- Göstərilən oyunlar arasında Azərbaycan təmsilçilərinin matçı var idi?
- Xeyr, yox idi.
- Ümumiyyətlə, Azərbaycan millisinin indiyə qədərki hansı görüşlərini böhranlı oyunlar sırasına salmaq olar?
- İndiyə qədər yığmamızın iki qarşılaşmasında bu təhlükə olub. Hər ikisi Rusiya millisi ilə görüşə təsadüf edib. 2009-cu ildə Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matçda (1:1) azarkeşlər arasında dava düşmüşdü. 2013-cü ildə isə hazırkı “Neftçi Arena”dakı görüşün (1:1) startına az vaxt qalmış turniketlər xarab olmuşdu. Kütlə yığıldığı üçün azarkeşlərin stadiona girişini təmin etmək çətinləşdi. Hüquq-mühafizə orqanları dərhal turniketləri yığışdırdı, qapıları açdı.
- Dediniz ki, hər kəsdən öz fikrini soruşurdular. Siz hadisələri necə dəyərləndirirdiniz?
- Dedim ki, hər regionun öz mədəniyyəti var. Avropanın bəzi oyunlarına azarkeşlər əllərində içki şüşəsi ilə girirlər. Spirtli içki qəbul etdikdən sonra da tribunalarda polisin üzərinə hücum çəkirlər, kütləvi davaya səbəb olurlar. Bu hal həm bizim millətin mədəniyyətinə xas deyil, həm də qəbuledilməzdir. İzah etdim ki, Azərbaycanda belə hadisə baş verə bilməz. Hüquq-mühafizə orqanlarımız dəqiq işləyirlər, vəziyyətin kütləvi hal almasına imkan vermirlər. Bundan başqa, içkili adamları stadiona buraxmamağa çalışırıq. Çünki tribunalarda qadınlar və uşaqlar da olur, təhqiramiz ifadə işlətmək yaxşı qarşılanmır. Avropanın bir çox yerlərində isə əksinədir, stadionda oyuna baxa-baxa spirtli içki qəbul edirlər.
- Bu fikirlərinizi necə qarşıladılar?
- Seminarda ümumilikdə 55 ölkənin nümayəndəsi iştirak edirdi. Özümü təqdim edəndə çox təəccübləndirlər. Gənc olmağıma baxmayaraq, uzun illər bu işlərə rəhbərlik etməyimi təqdirəlayiq hal kimi qiymətləndirdilər. Seminar iştirakçıları arasında ən gənci də mən idim. Demək olar ki, hamısı 50 yaşdan yuxarı insanlar idi. Təşkilatçılar da Azərbaycanla bağlı indiyə qədər şikayət almadıqlarını təsdiqlədilər.
- Ümumiyyətlə, oyunlar zamanı təhlükəsizlik əməkdaşları ən çox nədə çətinlik çəkirlər?
- Bizdə insanlar elə bilirlər ki, futbol təkcə tribunadan oyuna baxıb, evə qayıtmaqdan ibarətdir. Ancaq təhlükəsizliklə bağlı kadrarxası hazırlıqlar var. Xüsusən də kütləvi tədbirlərdə təhlükəsizlik ən önəmli məqamdır. Ümumiyyətlə, futbol tədbirlərində hansısa komandanın qələbəsi və ya məğlubiyyəti ön plana çəkilir. Ancaq tədbirin yüksək səviyyədə təşkil olunması da vacibdir. Yəni hüquq-mühafizə orqanının, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və təcili tibbi yardım olmasa, futbol matçı başlamır. Bir sözlə, futbolda qələbəyə aparan yol təhlükəsizlik tədbirindən keçir.
- Siz eyni zamanda “Sumqayıt” klubunda çalışırsınız. Bu komandanın oyunları zamanı təhlükəsizliyin təmin olunmasında çətinliklə üzləşmirsiniz?
- Elə seminardan sonra MDB ölkələrinin nümayəndələri ilə söhbətimizdə bu məsələyə toxundum. “Sumqayıt”ın il ərzində 4 böhranlı oyunu olur. Komandanın hazırda ev matçlarını keçirdiyi “Kapital Bank Arena” 1350 tamaşaçı tutumuna malikdir. Sumqayıt camaatı isə futbolu sevir. Azərbaycanın böyük komandaları Sumqayıta gələndə tribunalar tam dolur, 2000-3000 insan stadiondan kənarda qalır. Narazı azarkeşləri idarə etmək lazımdır ki, kütləvi iğtişaş olmasın. Bu qədər marağa baxmayaraq, matçlardan sonra azarkeşlərin təxliyə olunması prosesində problem yaşamırıq.
- İstər millimizin beynəlxalq, istərsə də klublarımızın avrokubok oyunları zamanı təhlükəsizliyə görə qarşılaşma bitdikdən sonra əvvəlcə yerli azarkeşlərin tribunaları boşaltmaları gözlənilir, sonra qonaq komandanın fanatları buraxılır. Avropada da sistem belə işləyir?
- Dediyiniz kimi, bizdə oyun bitdikdən sonra polis rəqib komandanın azarkeşlərini mühafizəyə alır və stadionun boşalmasını gözləyir. Bundan sonra onlar arenanı rahat tərk edirlər. Bizdə qalmaqal təhlükəsi olsa da, olmasa da, sistem bu şəkildə işləyir. Amma Avropada belə deyil. Elə UEFA Konfrans Liqasının bir matçında bununla bağlı yaranmış problem qabardıldı. Görüş bitən kimi hər iki komandanın azarkeşləri bir-birinə qarışır və bu da kütləvi davaya yol açır. Biz hətta qonaq komandanın azarkeşlərini daşıyan avtobusları onların əyləşdiyi tribunaya yaxın yerdə saxlatdırırıq. Oyundan sonra onları avtobusa mindirir, hava limanına qədər mühafizə edirik. Nəqliyyat polisinin müşayiəti altında aeroportda belə yola salınırlar. AFFA-nın təhlükəsizlik xidməti ilə hüquq-mühafizə orqanları bu məsələdə sıx əməkdaşlıq edir. Qonaqların ölkələrinə döndükdən sonra bura barədə neqativ fikir səsləndirməmələrinə çalışırıq. UEFA-nın seminarı zamanı Avropada polisə qarşı münasibətin bir daha şahidi oldum. Ancaq Azərbaycanda kütləvi futbol tədbirlərinin təşkili zamanı hüquq-mühafizə orqanları tərəfindən təhlükəsizliyin tam təminatını xüsusi qeyd etməliyəm. Onlar ön planda olmayan, görünməyən qəhrəmanlardır.