Rauf Məmmədov: "Vüqar Həşimov Memorialının iştirakçıları çox güclü, amma məğlub edilə biləcək rəqiblərdir"

Xankəndidə keçiriləcək XI Vüqar Həşimov Memorialının iştirakçıları çox güclü, amma məğlub edilə biləcək rəqiblərdir.

Bunu "Report"a açıqlamasında azərbaycanlı qrosmeyster Rauf Məmmədov deyib.

O, Memorialdakı hər bir rəqibini məğlub edə biləcəyini söyləyib:

"Vüqar Həşimovun xatirəsinə həsr olunan turnirlərdə iştirak həmişə mənim üçün həyəcanlı olub. 6 ildir "Vüqar Həşimov" komandasının üzvüyəm. Ona görə də mənim üçün əziz turnirdir. Yarış iştirakçıları çox güclüdür. Demək olar ki, hamısı eyni səviyyədədir. Ona görə də hamının şansı var. Hər biri çətin, amma məğlub edilə biləcək rəqiblərdir".

Qeyd edək ki, dekabrın 9-10-da Xankəndidə Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə baş tutacaq turnirdə 6 şahmatçı rapid və blits yarışlarında mübarizə aparacaq. Memorial ilk dəfə 2014-cü ildə təşkil olunub, 2023-cü ildən isə FİDE dünya çempionatının seçmə mərhələsi statusunu alıb.

Xankəndidə Rauf Məmmədovla yanaşı, Yan Nepomnyaşi (FİDE), Amin Tabatabai (İran), Vladimir Fedoseyev (Sloveniya), Nodirbek Yakubboyev (Özbəkistan) və Aydın Süleymanlı (Azərbaycan) iki dövrədə qüvvələrini sınayacaqlar.

Digər xəbərlər