"Oceanman Azerbaijan Sea Breeze" açıq suda üzmə yarışı layihənin ən yaxşı turnirlərindən biri olacaq.
"Report"un məlumatına görə, bu barədə polşalı ultramarafon üzgüçüsü Bartolomey Kubkovski mətbuat konfransında deyib.
O, 2027-ci ildə baş tutacaq turnirlə bağlı danışıb:
"Düşünürəm ki, bu, dünyada layihənin ən yaxşı turnirlərindən biri olacaq. Çünki mən belə yarışlarda iştirak etmişəm. Burada olduğum üçün məmnunam. Biz artıq ilk təlimi keçmişik. Yarış üçün çox mükəmməl yerdir. Çünki burada hər şey var: mükəmməl hava, dəniz, əla insanlar və yeməklər. Düzünü desəm, cəmi üç gündür gəlmişəm və az qala kökəlmişəm".
Qeyd edək ki, turnir 2027-ci ilin sentyabrında "Sea Breeze" ərazisində keçiriləcək. Tədbir müxtəlif ölkələrdən peşəkar idmançıları, üzgüçülük həvəskarlarını və qonaqları bir araya gətirəcək. "Oceanman" yarışının mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir. Seriya peşəkar idmançıları, təcrübəli üzgüçüləri, 7–75 yaşarası həvəskarları, ailələri və korporativ komandaları bir araya gətirir.
"Oceanman Azerbaijan – Sea Breeze" yarışlarının proqramına müxtəlif məsafələr üzrə üzgüçülük yarışları daxildir. İştirakçılar 10 kilometrlik "Oceanman", 5 kilometrlik "Half Oceanman" və 2 kilometrlik sprint yarışlarında mübarizə aparacaqlar.