Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) Seneqalda Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarından medallarla qayıdacaqlarına ümid edir.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan komandasının şef-de-missionu Anar Bağırov MOK-un mətbuat xidmətinə müsahibəsində bildirib.
O, idmançıların hazırlıq prosesinin yaxşı keçdiyini vurğulayıb:
"Hazırlıq prosesi ümumilikdə yaxşı keçib. Komandamızın ehtiyac duyduğu məsələlər həll olunub və hazırda əsas diqqət yarışa yollanmağa yönəlib. Artıq idmançılarımıza da oyunlarla bağlı təlimatlar verilib. Heyətimiz sayca kiçik olsa da, komandamızın tərkibində yüksək nəticələr əldə etməyə qadir olan idmançılar var. Ümid edirik ki, Dakardan medallarla qayıdacağıq".
MOK rəsmisi oktyabrın 31-dən noyabrın 13-dək təşkil olunacaq turnirlə bağlı danışıb:
"Ümumilikdə nümayəndə heyətimiz 23 nəfərdən ibarətdir. Heyətə 1 missiya rəhbəri, 13 idmançı, 8 məşqçi və 1 həkim daxildir. İdmançılarımız 8 idman növündə - cüdo, çimərlik güləşi, qılıncoynatma, şosse velosipedi, taekvondo, atletika, üzgüçülük və boks idman növü üzrə yarışlarda mübarizə aparacaqlar. İlk olaraq oktyabrın 27-də həkimimizlə birlikdə yola düşəcəyəm. Məqsədimiz yarışlar başlamazdan əvvəl təşkilati məsələlərlə yerində tanış olmaq və idmançılarımız üçün mümkün qədər əlverişli şərait yaratmaqdır".
O, budəfəki səfər qrafikinin əvvəlkilərdən fərqləndiyini vurğulayıb:
"Hər idman növü üzrə komanda yarışların başlanmasına iki-üç gün qalmış Dakara gedəcək, çıxışını başa vurduqdan sonrakı gün isə Vətənə qayıdacaq. Buna görə nümayəndə heyətimizin üzvləri müxtəlif tarixlərdə Seneqala yollanacaq. İlk olaraq isə cüdo və üzgüçülükdə mübarizə aparacaq idmançılarımız Dakara yola düşəcək".
A.Bağırov təşkilatçılıqla bağlı da danışıb:
"Sonuncu dəfə apreldə missiya rəhbərləri üçün keçirilən seminarda iştirak etmək məqsədilə Dakarda olmuşam. Həmin vaxtdan bəri bir sıra təşkilati məsələlərlə bağlı suallar yaranıb. Buna görə də yarışlar başlamazdan əvvəl yenidən gedərək vəziyyətlə yerində tanış olmaq, mövcud imkanları qiymətləndirmək və idmançılarımız üçün şəraiti daha da yaxşılaşdırmaq istəyirəm. Dakarla bağlı müəyyən çətinliklərin olacağını gözləyirik. Bəzi məsələlərin praktikada necə həll olunacağı hələ tam aydın deyil. Ancaq bizim üçün əsas olan idmançıların yarışlara rahat hazırlaşması, onların ehtiyaclarının təmin edilməsi və çıxışlarına mane ola biləcək problemlərin aradan qaldırılmasıdır".
O bildirib ki, Milli Olimpiya Komitəsi tərəfindən komandanın hazırlığı üçün zəruri işlər görülüb:
"İndi əsas məqsədimiz səfəri uğurla təşkil etmək və idmançılarımızın yarışlarda öz potensiallarını nümayiş etdirmələri üçün əlverişli şərait yaratmaqdır".