Beynəlxalq Enerji Agentliyinin (IEA) 2025-2026-cı illərdə Azərbaycanda neft hasilatının artacağını proqnozlaşdırır.
“Report” xəbər verir ki, bu barədə IEA-nın “Oil 2024” icmalında qeyd edilib.
Agentliyin proqnozuna görə, 2024-cü ildə Azərbaycanda gündəlik neft hasilatı 620 min barel olacaq. 2023-cü ildə bu göstərici 600 min barel təşkil edib.
2025-ci ildə IEA ölkədə neft hasilatının 630 min barelədək, 2026-cı ildə - 640 min barelədək artacağını proqnozlaşdırır:
“Azərbaycanda neft hasilatı uzun illərdir ki, azalır, lakin bu yaxınlarda BP tərəfindən yeni “Azəri Mərkəzi Şərqi” (ACE) platformasının işə salınması “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda hasilatın azalmasının qarşısını almağa kömək edəcək. Dəyəri 6 milyard ABŞ dolları olan ACE layihəsindən hasilatın bu ilin sonunadək əlavə quyuların işə düşməsi yolu ilə gündəlik 24 000 barelə çatacağı, 2025-2026-cı illərdə isə 100 000 barelə çatacağı gözlənilir”, - IEA-nın məlumatında qeyd edilib.
Agentlik 2027-2030-cu illər ərzində Azərbaycanda hasilatın azalacağını proqnozlaşdırır. 2027-ci ildə gündəlik 610 min barel, 2028-ci ildə gündəlik 580 min barel, 2029-cu ildə gündəlik 570 min barel, 2030-cu ildə isə gündəlik 550 min barel səviyyəsində neft hasilatı gözlənilir.