Bu ilin avqust ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 512 min 251 tondan çox dizel yanacağı istehsal edib.
Bu barədə “Report” Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumuna (EPDK) istinadən məlumat verir.
Bildirilir ki, bu, 2022-ci ilin avqust ayı ilə müqayisədə 14 min 133 ton və ya 2,7 % azdır.
Türkiyədə istehsal olunan dizel yanacağının 35,5 %-i STAR neft emalı zavodunun payına düşür.
Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1 milyon 444 min 730 tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2022-ci ilin avqust ayı ilə müqayisədə 175 min 10 min 592 ton və ya 0,73 % azdır.
Xatırladaq ki, STAR-ın açılışı 19 oktyabr 2018-ci ildə olub. Zavodun təməli isə 5 oktyabr 2011-ci ildə qoyulub. STAR Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir. 2019-cu ilin sentyabr ayından etibarən zavod tam gücü ilə işləməyə başlayıb.
Zavodun illik xam neft emal gücü 12 milyon tona çatdırılıb. Müəssisədə “Urals”, “Azeri Light” və “Kərkük” neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.