Azərbaycan neftinin Bakı-Novorossiysk neft kəməri vasitəsilə daşınması haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Rusiyanın “Transneft” şirkəti arasında razılıq əldə olunub.
“Report” SOCAR-dakı mənbələrinə istinadən xəbər verir ki, söhbət 1,209 milyon ton həcmində Azərbaycan neftinin daşınmasından gedir.
İlin birinci rübü üçün sifariş 320 min ton təşkil edir.
“Transneft” şirkəti ilə müqaviləni hər il yeniləyirik. Şərtlərdə ciddi dəyişiklik olmur, sadəcə hər ay Novorossiyskə göndərilən neftin həcmində fərqlər ola bilər”, - SOCAR-ın nümayəndəsi bildirib.
Ötən ilin nəticələrinə görə, Rusiya Federasiyası vasitəsilə 1,01 milyon ton həcmində Azərbaycan nefti ixrac edilib.
Bakı-Novorossiysk neft kəməri vasitəsilə 2020-ci ildə cəmi 613,29 min ton neft göndərilib. Bu isə, 1997-ci ildə istifadəyə verilməsindən sonra bu kəmər vasitəsilə ən aşağı neft ixracı həcmidir. Buna səbəb SOCAR-ın 7 ay ərzində şimal marşrutundan istifadə etməyərək, nefti Bakı-Tbilisi-Ceyhan magistralı vasitəsilə ixrac etməsi olmuşdu.
L.Yevqraşina