Bakı. 21 noyabr. REPORT.AZ/ Bu ilin üç rübü ərzində Səngəçal terminalından üçüncü tərəf həcmləri də daxil olmaqla 211 mln.bareldən çox neft və kondensat ixrac edilib.
"Report" bu barədə "BP-Azerbaijan" şirkətinin məlumatına əsasən xəbər verir.
Bu həcmin təqribən 189 mln. bareldən çoxu (ötən ilin müvafiq dövrü ilə eyni səviyyədə) Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə, 21 mln. bareldən çoxu (5% çox) Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə və təqribən 1,2 mln. barelə yaxın (33% az) ayrıca kondensat ixrac kəməri vasitəsilə ixrac edilib.
Terminalın neft və kondensat ixracı ötən ilin müvafiq dövrü ilə təxminən eyni həcmdə olub.
Bu ilin doqquz ayı ərzində terminaldan həmçinin gündəlik orta hesabla 28,4 mln. standart kubmetr (1003 mln. kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu isə illik müqayisədə 5,2% çoxdur.
Qeyd edək ki, neft və qaz “Azəri-Çıraq-Günəşli” (AÇG) və "Şahdəniz" yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.
Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 mln. barel neft və "Şahdəniz" qazı üçün təqribən 55 mln. kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 75 mln. kubmetr təşkil edir.
Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK) və terminalın qaz emalı obyektlərini "Azəriqaz" İB-nin qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.