Qırğızıstan Avropa İttifaqına (Aİ) ölkənin hidroenergetika sahəsində irimiqyaslı layihələrdə iştirak etməyi təklif edib.
“Report”un Səmərqəndə ezam olunmuş müxbirinin məlumatına görə, Qırğızıstan Prezidenti Sadır Japarov belə bir təkliflə "Mərkəzi Asiya – Avropa İttifaqı" sammitində çıxış edib.
O, Orta Asiya ölkələri ilə Avropa İttifaqı arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdiyini məmnunluqla qeyd edib.
"Son dörd ildə Qırğızıstanın Aİ ölkələri ilə ticarət dövriyyəsi 2,4 dəfə, o cümlədən idxal 2,6 dəfə, ixrac isə 1,5 dəfə artıb. Bu uğurlar bazarların açıqlığı və Qırğızıstandan malların Avropa İttifaqının 27 üzv ölkəsinin bazarlarına çıxışını təmin edən "Ümumi Preferensiyalar Sistemi +" təşəbbüsü sayəsində mümkün olub", - S.Japarov bildirib.
Onun sözlərinə görə, Qırğızıstanın coğrafi mövqeyi və tranzit potensialı ticarət və investisiyalar üçün geniş perspektivlər açır. Dövlət başçısı Avropa biznesini qarşılıqlı faydalı əsasda bu layihələrdə fəal iştirak etməyə çağırıb.
"Biz avropalı tərəfdaşlarımıza Qırğızıstanda hidroenergetika sahəsində həyata keçirilən irimiqyaslı layihələrə qoşulmağı təklif edirik. Planlarımızda “Kambar-Ata SES-1” layihəsi xüsusi yer tutur. Biz layihə gücü 860 MVt və proqnozlaşdırılan istehsal gücü ildə 5,6 milyard kVt/saat olan bu iri su elektrik stansiyasının tikintisinə başlamışıq. Bu layihə qonşularımız Qazaxıstan və Özbəkistanla birgə həyata keçirilir", - o qeyd edib.
Prezident vurğulayıb ki, Qırğızıstan həmçinin Avropa İttifaqı ilə bərpa olunan enerji və enerji qənaətli texnologiyalar sahəsində əməkdaşlığın genişləndirilməsində maraqlıdır.
"Ötən il biz 18 kiçik su elektrik stansiyası istifadəyə vermişik, bu il isə daha 15 belə obyekt inşa edirik. Paralel olaraq, 400 MVt-dan çox ümumi gücü olan günəş enerjisi layihələrini işə salmışıq. Qlobal iqlim dəyişikliyi şəraitində "yaşıl iqtisadiyyat”a və bərpa olunan enerji mənbələrinin inkişafına keçid davamlı inkişafa aparan alternativsiz yolumuzdur", - S.Japarov bildirib.