Ötən il Səngəçal terminalından “Şahdəniz” qazının ixracı 7 % artıb

Ötən il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku və “Şahdəniz” yatağından neft və qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına təqribən 225 milyon barel neft və kondensat ixrac edilib.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə 2024-cü ilin yekunları ilə bağlı yaydığı hesabatda qeyd edilib.

Bu, 2023-cü ilin göstəriciləri ilə müqayisədə 5 milyon və ya 2,2 % azdır.

İxrac olunan neft və kondensatın 224 milyon bareldən çox həcmi Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsilə tədarük edilib ki, bu da 2023-cü iliin göstəricisi ilə müqayisədə 5 milyon və ya 2,2 % azdır.

Ötən il ərzində Səngəçal terminalından təxminən 1 milyon barel Qərb İxrac Boru Kəməri marşrutu vasitəsilə ixrac edilib ki, bu, 2023-cü ilin göstəricisi ilə eyni səviyyədədir.

2024-cü ildə terminaldan həmçinin gündəlik orta hesabla 76 milyon kubmetrdən çox (təqribən 2 milyard 654 milyon kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Bu da 2023-cü illə müqayisədə 5 milyon kubmetr və ya 7,04 % çoxdur.

Qeyd edək ki, neft və qaz Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqlarından sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilir.

Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda 1,2 milyon barel neft və kondensat, “Şahdəniz” qazı üçün təqribən 81 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixrac gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 100 milyon standart kubmetrdir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini "Azəriqaz"ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06