AÇG-dən ötənilki hasilatın həcmi açıqlanıb

Ötən il Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq və Dərinsulu Günəşli" (AÇG) yataqlar blokunda gündəlik hasilat orta hesabla 342 min barel və ya ümumilikdə təxminən 125 milyon barel, yəni 16 milyon ton olub.

"Report" xəbər verir ki, bu barədə blokun operatoru "BP-Azerbaijan" şirkətinin tərəfdaşlarla birgə 2024-cü ilin yekunları üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib. Bu, 2023-cü illə müqayisədə müvafiq olaraq 8 min barel və ya ümumilikdə təxminən 2 milyon barel (11,1 %) azdır.

Bildirilir ki, 2024-cü ildə AÇG-dən ümumi hasilat – "Çıraq" (23 min barel), "Mərkəzi Azəri" (97 min barel), "Qərbi Azəri" (75 min barel), "Şərqi Azəri" (51 min barel), "Dərinsulu Günəşli" (57 min barel), "Qərbi Çıraq" (29 min barel) və "Mərkəzi-Şərqi Azəri" (ACE) (10 min barel) platformalarından təşkil edib.

Ötən ilin dördüncü rübdə AÇG yatağından indiyədək əldə edilmiş ümumi hasilat 600 milyon tona çatıb.

İlin sonunda AÇG-də ümumilikdə 148 neft hasilatı quyusu, 46 su injektoru quyusu və yeddi qaz injektoru quyusu istismarda olub.

İl ərzində AÇG-də 14 neft hasilatı quyusu, 3 su injektoru, 1 qaz injektoru və şlamların yenidən laya vurulması üçün 1 quyu tamamlanıb.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,65 %), "MOL Group" (9,57 %) INPEX (9,31 %), "ExxonMobil" (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), "ONGC Videsh Limited" (OVL) (2,92 %) pay sahibidir.

Digər xəbərlər