Azərbaycan təbii qazını Avropaya, oradan isə Bolqarıstana nəqlini nəzərdə tutan Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) boru kəmərinin kommersiya istismarına verilməsi üçün tələb olunan tamamlama işləri müəyyən olunmuş qrafikə uyğun aparılır.
“Report” IGB-nin operatoru olan ICGB-yə istinadən xəbər verir ki, bunu şirkətin Bolqarıstan üzrə icracı direktoru Teodora Georgiyeva bildirib.
O, bu barədə Yunanıstanın “Avax” şirkətinin apardığı tikinti işləri ilə maraqlanarkən danışıb. Icraçı direktorun sözlərinə görə, bütün obyektlərin tikintisi yekunlaşıb və istismara hazırdır: “Gözləyirik ki, tikinti podratçısı qaz kəmərinin idarəetmə sistemini yaxın on gündə tamamlasın ki, oktyabrın 1-dən Bolqarıstan və Yunanıstan İGB-dən ilk təbii qazı ala bilsinlər”.
Layihələndirmə, Satınalma və Tikinti (EPC) podratçısı tərəfindən həyata keçirilən tamamlama işləri ilə paralel olaraq, ICGB Bolqarıstan və Yunanıstanda infrastrukturdan istifadə üçün bütün icazələrin verilməsi, onun qanuni istismarı üçün zəruri olan inzibati prosedurların əlaqələndirilməsini davam etdirir.
T.Georgiyeva bildirib ki, bütün tələb olunan sənədlərin 95 %-dən çoxunu ilkin baxış və təsdiq üçün tənzimləyici quruma təqdim edilib: “Bu, Bolqarıstan üçün 16 saylı Aktı və müvafiq olaraq İstifadə İcazəsini vermək üçün komissiyanın çağırılmasını sürətləndirməyə kömək edəcək. İstehlakçılar və müəssisələr oktyabrın 1-dən boru kəmərinin fəaliyyətə başlayacağına və istilik mövsümündə enerji qiymətlərinin aşağı salınmasına kömək edəcəyinə ümid edir. Bunun üçün də bizim üçün bundan yüksək prioritet yoxdur”.
İCGB-nin Yunanıstan üzrə icracı direktoru George Satlas isə bildirib ki, Yunanıstan tərəfi IGB-nin vaxtında hazır olması üçün fəal səy göstərir: “Bu, mürəkkəb beynəlxalq vəziyyəti və Avropanın təbii qazını tam şaxələndirmək üçün ardıcıl səylərini nəzərə alaraq, təkcə iki ev sahibi ölkə üçün deyil, həm də bütün region üçün vacibdir”.
Onun sözlərinə görə, Yunanıstan ərazisində qaz kəmərinin istismarı üçün lazımi icazələrin sentyabrın ortalarına qədər verilməsi gözlənilir.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının istismarının II mərhələsi çərçivəsində hasil edilən “mavi yanacağın” Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 %-ni ödəyə biləcək.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik hissəsi Bolqarıstan ərazisindən keçir. Boru kəmərin illik ötürücülük qabiliyyətinin 3-5 milyard kubmetr olacağı gözlənilir.