İyun ayının sonunda Azərbaycana məxsus təbii qazı Bolqarıstana ötürəcək Yunanıstan-Bolqarıstan İnterkonnektoru (İnterconnector Greece – Bulgaria: IGB) fiziki olaraq hazır olacaq və iyulda qaz sınaqlarına başlanılacaq.
“Report” Bolqarıstan mətbuatına istinadən xəbər verir ki, bunu ICGB layihə şirkətinin Bolqarıstandan icraçı direktoru Teodora Georgiyeva bildirib.
Onun sözlərinə görə, oktyabr ayından gec olmayaraq istilik mövsümünə hazır olmaq üçün mümkün olan hər şey edilir: “Biz artıq finiş xəttinə çatırıq. Yunanıstanla birləşəcək boru kəmərinin tamamlanması üçün ciddi dəstək var. Bolqarıstanın Yunanıstanla interkonnektorunun faydaları az deyil. Azərbaycandan illik 1 milyard kubmetr qaz gətiriləcək. Bolqarıstan bazarına digər treyderlərin də daxil olacağı mümkündür. Lakin xüsusilə Aleksandrupolis limanında terminal tikilib yekunlaşandan sonra potensial daha ciddi olacaq”.
T.Georgiyeva xatırladıb ki, Yunanıstanla birləşdirici boru kəmərinin hidrotexniki sınaqları başa çatıb: “Qaz kəmərinin bütün 8 kran aqreqatının hidrosınaqları uğurla başa çatıb”.
O Yunanıstanla interkonnektorun həyata keçirilməsində siyasi dəstəyə malik olacağına ümid edir: “Hazırda boru kəmərinin tikintisi davam edir. İGB-nin Komotini-Stara Zaqora xəttinin tikintisinin 92 %-i hazırdır. Həm Bolqarıstan, həm də Yunanıstan ərazisində tamamlama işləri aparılır. Qaz kəmərinin xətti hissəsi hər iki ərazidə hazırdır. Bütün xətti hissənin hidrosınaqları həyata keçirilib”.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.
Cənub Qaz Dəhlizinin inkişafı çərçivəsində İGB vasitəsilə Cənub-Şərqi və Mərkəzi Avropa ölkələri Xəzər regionundan alternativ tədarüklərə və mayeləşdirilmiş təbii qaz idxal etmək imkanına malik olacaqlar.