Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) ötürücülük qabiliyyətinin genişləndirilməsi təkcə milli deyil, həm də uzunmüddətli perspektivdə ümumavropа enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir.
Bu barədə “Report”a müsahibəsində IGB qaz kəmərinin operatoru olan ICGB şirkətinin icraçı direktoru Teodora Georgiyeva bildirib.
Onun sözlərinə görə, IGB təkcə Cənub Qaz Dəhlizinin təməl elementi deyil, həm də Şaquli Qaz Dəhlizi ilə inteqrasiyanın mühüm həlqəsidir.
“Bu, Bolqarıstan və Yunanıstanın milli şəbəkələrini Trans-Adriatik Qaz Boru kəməri (TAP) ilə fiziki olaraq birləşdirən əsas infrastruktur olmaqla, Xəzərdən Mərkəzi və Şərqi Avropaya qədər möhkəm enerji arteriyası yaradır. Bolqarıstan şəbəkəsi və Trans-Balkan qaz kəməri ilə inteqrasiya Moldova və Ukraynaya revers rejimində tədarükün həyata keçirilməsinə imkan verir, bu ölkələrin təbii qaza çıxışı üçün alternativ və təhlükəsiz marşrutlar təqdim edir”, - icraçı direktor qeyd edib.
T.Georgiyeva bildirib ki, belə infrastruktur yüksək geosiyasi təzyiq şəraitində region üçün həyati əhəmiyyətli dəhliz rolunu oynayır.
“Biz həm cari, həm də gələcək bazar tələblərinə cavab verən etibarlı, çevik və artırıla bilən tədarükü təmin etməyə çalışırıq. Bizim davamlı bazar tələbimiz və təsdiqlənmiş əməliyyat uğurumuz var: 2022-ci ildə istismara verildiyi vaxtdan IGB ötürücülük qabiliyyətinin 80 %-nə çatıb - bu, bazarın infrastrukturumuza yüksək etimadının əyani sübutudur”, - o əlavə edib.
Müsahibəni tam mətni ilə buradan tanış ola bilərsiniz.