ICGB-nin (Yunanıstan-Bolqarıstan interkonnektorunun operatoru, IGB) əməliyyat fəaliyyəti Bolqarıstan hökumətində son siyasi hadisələrdən təsirlənməyib.
Bu barədə "Report"un sorğusuna cavab olaraq ICGB boru kəməri şirkətindən bildirilib.
Məlumata görə, şirkət Bolqarıstan Enerji Holdinqi və "IGI Poseidon"un birgə müəssisəsidir və aydın şəkildə müəyyən edilmiş korporativ idarəetmə və tənzimləmə sistemi çərçivəsində fəaliyyət göstərir.
"Korporativ idarəetmə ilə əlaqəli cari prosedurlar standart korporativ müddətlərə uyğun həyata keçirilir. Eyni zamanda, bu, Bolqarıstan və Yunanıstanın enerji tənzimləyiciləri tərəfindən təsdiqlənməlidir. ICGB normal iş rejimində fəaliyyətini davam etdirir, təhlükəsiz və etibarlı qaz nəqlini, interkonnektorun planlaşdırılan şəkildə genişlənməsinə hazırlıq da daxil olmaqla enerji təhlükəsizliyinin təmin edilməsi üzrə regional təşəbbüslərə dəstəyi əhatə edən əsas prioritetləri diqqətdə saxlayır", - şirkətdən vurğulanıb.
Xatırladaq ki, dekabrın 11-də Bolqarıstanın Baş naziri və hökuməti kütləvi etirazlar fonunda istefa verib.
Bundan əlavə, Bolqarıstan KİV-ləri hökumətin istefası fonunda IGB konsorsiumunun rəhbərliyinin dəyişdirilə biləcəyi barədə məlumat yayıb.
Xəbər verildiyi kimi, IGB qaz kəməri Yunanıstanın Komotinidəki milli qaz nəqli sisteminə ("DESFA SA") və Trans-Adriatik Boru Kəmərinə ("TAP AG"), eləcə də Stara Zaqora rayonunda Bolqarıstanın qaz nəqli sisteminə ("Bulgartransgaz EAD") birləşir.
Onun ümumi uzunluğu 182 km, boru kəmərin diametri 813 mm, layihə gücü Yunanıstan-Bolqarıstan istiqamətində illik 3 milyard kubmetrə qədərdir. Bazar tələbatı və texniki şərtlər olduqda 5 milyard kubmetrə qədər artırıla bilər.