Heydər Əliyev adına Neft Emalı Zavodunun planlı təmiri təxirə salınır

Azərbaycanın yeganə neft emalı müəssisəsi olan Heydər Əliyev adına neft emalı zavodunun (NEZ) 50 günlük planlı təmiri mart ayından aprel ayına keçirilir.

Bu barədə “Report”a Dövlət Neft Şirkətindəki (SOCAR) mənbə bildirib. 

NEZ-in xammal ilə təmin etdiyi “Azərkimya” İstehsalat Birliyinin obyektləri də bu dövrdə işləməyəcək. Hər iki müəssisə SOCAR-ın tabeliyində fəaliyyət göstərir.

“Təmir martın 21-dən aprelin əvvəlinə keçirilir. Zavodun əsas qurğularının yoxlanması, təkmilləşdirilməsi və təmiri məqsədilə həyata keçirilən dayanma planlı xarakter daşıyır”, - deyə mənbə qeyd edib. 

NEZ 1-1,2 milyon ton avtomobil benzini (2021-ci ilin yekunlarına görə 1,26 milyon ton təşkil edib, 7,9%-lik artım), nafta (2021-ci ilin yekunlarına görə 400,7 min ton təşkil edib, 67,2%-lik artım, “Azərkimya”nın müəssisələri üçün), dizel yanacağı (2021-ci ildə 2,4 milyon ton təşkil edib, 16,2%-lik artım), odluq mazut (2021-ci ildə 105 min ton təşkil edib, 70,5%-lik artım), sürtkü yağları (2021-ci ildə 49,1 min ton təşkil edib, 39,1%-lik artım), neft koksu (255,3 min ton təşkil edib, 2020-ci il ilə müqayisədə 29,7%-lik artım), neft bitumu (2021-ci ildə 362,2 min ton təşkil edib, 3,4%-lik azalma) və təyyarə yanacağı (2021-ci ildə 490,1 min ton təşkil edib, 2,4%-lik azalma) istehsal edir.

Xatırladaq ki, NEZ-də istehsal edilən Aİ-92 markalı benzin demək olar ki, tamamilə daxili bazarda istehlak edilir.

Digər xəbərlər