Bu il BTC əməliyyat xərclərini 21 %-ə yaxın artırıb

Bu ilin yanvar-sentyabr aylarında Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərcləri 104 milyon ABŞ dolları, əsaslı xərclər isə təqribən 28 milyon ABŞ dolları təşkil edib.

“Report” “BP-Azerbaijan” şirkətinin hesabatına əsasən xəbər verir ki, 2023-cü ilin 9 ayı ilə müqayisədə BTC-nin əməliyyat xərcləri 18 milyon ABŞ dolları (20,9 %), əsaslı xərcləri isə 3 milyon ABŞ dolları (12 %) artıb.

Bildirilir ki, 1 768 km uzunluğunda olan BTC boru kəməri 2006-cı ilin iyun ayında istismara veriləndən 2024-cü ilin sentyabr sonunadək bu boru kəməri vasitəsilə ümumilikdə təqribən 583 milyon ton (4,4 milyard barel) xam neft nəql edilib və Ceyhanda 5 786 tankerə yüklənərək dünya bazarlarına göndərilib.

Hesabat dövründə BTC vasitəsilə ixrac olunmuş təqribən 22 milyon ton (təxminən 165 milyon barel) xam neft və kondensat Ceyhan terminalında 229 tankerə yüklənərək yola salınıb.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və Şahdəniz kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri (Qazaxıstan, Türkmənistan, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Azərbaycanda hasil edilmiş digər həcmləri) də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,1 %); SOCAR (25 %); MOL (8,9 %), “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5,00 %); “TotalEnergies” (5 %), “İtochu” (3,4 %); “İnpex” (2,5 %), “ExxonMobil” (2,5 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Digər xəbərlər