Bu il BTC əməliyyat və əsaslı xərclərini artırıb

Bu ilin ilk üç rübü ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri üzrə əməliyyat xərclərinə təqribən 86 milyon ABŞ dolları, əsaslı xərclərə isə təqribən 25 milyon ABŞ dolları xərclənib.

“Report” xəbər verir ki, bu barədə yatağın operatoru “BP-Azerbaijan” şirkətinin tərəfdaşları ilə birgə üçüncü rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, bu ilin üç rübü ərzində BTC üzrə əməliyyat xərclərinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12 milyon ABŞ dolları və ya 16,2 % çoxdur.

Eyni zamanda, BTC-nin bu dövr ərzində əsaslı xərclərin həcmi isə 8 milyon ABŞ dolları və ya 47,06 % çoxdur.

Hazırda BTC boru kəməri əsasən Azərbaycandan AÇG nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, BTC vasitəsilə Xəzərin digər regional xam neft və kondensat həcmləri də nəql olunur.

Qeyd edək ki, BTC Ko.-nun səhmdarları BP (30,10 %); AzBTC (25,00 %); MOL (8,90 %); “Equinor” (8,71 %); TPAO (6,53 %); “Eni” (5,00 %); “Total” (5,00 %), “İtochu” (3,40 %); “İnpex” (2,50 %), “ExxonMobil” (2,50 %) və ONGC (BTC) Limited (2,36 %) şirkətləridir.

Digər xəbərlər