Bu il Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Bahar” yatağından 0,19 milyon barel neftin hasil ediləcəyi proqnozlaşdırılır.
“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) 2025-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.
Bu, 2024-cü ilin proqnozu ilə müqayisədə eynidir. 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə 0,01 milyon barel və ya 5 % azdır.
Bu il “Bahar” yatağından 190,53 milyon kubmetr qaz hasil edilməsi gözlənilir ki, bu da 2024-cü ilin proqnozu ilə müqayisədə 11,03 milyon kubmetr və ya 6,1 % çoxdur. 2023-cü ilin faktiki göstəricisi ilə müqayisədə isə “Bahar” yatağından qaz hasilatı 15,14 milyon kubmetr və ya 8,6 % çoxdur.
Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Bahar Energy Limited” şirkəti 22 dekabr 2009-cu ildə "Bahar" və "Qum-dəniz" yataqlar bloku üzrə kəşfiyyat, reabilitasiya, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş imzalayıblar.
“Bahar Energy Limited”in layihədəki payı 80 %, SOCAR-ın payı isə 20 % təşkil edir. Müqavilə 25 il müddətinə nəzərdə tutulub və daha 5 il müddətinə uzadılma imkanı var. İnvestisiya proqramı ilkin olaraq 1 milyard ABŞ dollar həcmində qiymətləndirilir. Bütün investisiya həcmini “Bahar Energy Limited” şirkəti qoyacaq. Müqavilə blokunda qazın qalıq ehtiyatları 25 milyard kubmetr təşkil edir.
“Qum-dəniz” neft yatağı 1955-ci ildə istismara verilib və Bakıdan cənub-şərqə doğru 21 km məsafədə yerləşir. "Bahar" qaz yatağı isə 1969-cu ildə istifadəyə verilib.