Bu il ARDNF AÇG-dən gəlirlərini 2,3 dəfə artırıb

Bu ilin yanvar-fevral ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 1 milyard 307 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə “Report”a Fonddan məlumat verilib.

Bildirilir ki, bu, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 732,5 milyon ABŞ dolları və yaxud 2,27 dəfə çoxdur.

Xatırladaq ki, 2021-ci ilin yanvar-fevral aylarında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 574,543 milyon ABŞ dolları təşkil edir.

AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 156,680 milyard ABŞ dolları təşkil edib.

Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Digər xəbərlər

Azərbaycan nefti bahalaşıb 25 dekabr, 2025 / 09:44
Bakının 2 rayonunda qaz olmayacaq 25 dekabr, 2025 / 09:20