BP: "ACE layihəsi üzrə işlər ümumilikdə 60 % tamamlanıb"

Bu ilin üçüncü rübü ərzində Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi, eləcə də BP-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləyib.

“Report” xəbər verir ki, bu barədə blokun operatoru “BP-Azerbaijan” şirkətinin əməliyyatçılar adından III rüb üzrə biznesə dair yaydığı məlumatda qeyd edilib.

Bildirilir ki, qalan iri avadanlıq yüklərinin və irihəcmli materialların əksəriyyəti rüb ərzində Bakıya çatdırılıb. Son dörd iri avadanlıq dəstinin gətirilməsi bu ilin dördüncü rübünə planlaşdırılır və bununla da layihə üzrə nəzərdə tutulmuş bütün avadanlıq daşımaları başa çatmış olacaq.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib. Bu işlərə boru xətlərinin dikəldilməsi və hidrosınaq işlərinin irəliləməsi, kabellərin çəkilməsi, üst göyərtənin son panelinin və qazma buruğunun aşağı hissəsinin quraşdırılması daxildir.

Yaşayış modullarının hamısı uğurla göyərtənin üzərinə quraşdırılmışdır və bunun ardınca modulların birləşdirilməsi və daxili montaj işləri başlanıb. Qazma qurğusunun mexaniki tamamlanması ilə bağlı təhvil işləri plan üzrə irəliləmiş və qazma avadanlıqlarının istismar sınaq işlərinə başlanıb. İstismar sınaq işləri ilk olaraq əsas dayaq dəsti və qazma dəsti modullarından başlanıb.

Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda dayaq blokunun tikintisi müxtəlif sahələrdə davam edib. Mərkəzi dayaq çərçivəsinin yana oturdulması başa çatmış, dayaq bloku qüllələrinin quraşdırılması işləri başlanıb.

Sualtı qurğular və birləşdirici dirsəklərin tikintisi tamamlanmaq üzrədir. Dənizdə Xankəndi gəmisinin sualtı kəsişmələri qoruma panellərini quraşdırması ilə sualtı quraşdırma işlərinə başlanıb.

Layihə həmçinin dənizdə aparılan digər quraşdırma işləri ilə də irəliləyib. Bunlara “Şərqi Azəri” platformasında ACE platformasının “Azəri” yatağındakı digər obyektlərdən elektrik enerjisi alması ilə enerji istehsalının optimallaşdırılmasına imkan verəcək işlər daxildir - rüb ərzində izolyasiyalı qaz ötürücü və işəsalma modulu quraşdırılıb.

Üçüncü rübün sonuna ACE layihəsi üzrə işlər ümumilikdə 60 % tamamlanıb. Hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Birləşmiş Krallıqdan 5 500 nəfər insan cəlb olunub ki, onların da əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.

Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.

Digər xəbərlər