BMT rəsmisi: "Azərbaycanla əməkdaşlıqda "yaşıl inkişaf"a diqqət yetiririk"

BMT-nin Azərbaycanla hazırkı əməkdaşlığında "yaşıl inkişaf" və iqlim davamlılığına diqqət yetirilir.

"Report" xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Dmitro Şlapaçenko bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.

Onun sözlərinə görə, bu nəticəyə ayrılmış planlı investisiya 2021-2025-ci illər üçün əməkdaşlıq çərçivəsinin əvvəlki dövrü ilə müqayisədə 5 dəfə artırılıb: "Birləşmiş Millətlər Təşkilatı Azərbaycan hökuməti ilə 2026-2030-cu illər üçün imzaladığı Davamlı İnkişaf Çərçivəsi vasitəsilə bu işi dəstəkləməyə sadiqdir. Əməkdaşlıq çərçivəsinin ikinci prioriteti altında ortaq nəticəmiz ondan ibarətdir ki, 2030-cu ilə qədər Azərbaycanda insanlar "yaşıl inkişaf"dan, ədalətli keçiddən, gücləndirilmiş ekosistemlərdən və daha böyük iqlim davamlılığından faydalansınlar".

D.Şlapaçenko qeyd edib ki, BMT-nin rolu katalizator xarakterlidir və "heç kəsi geridə qoymamaq" prinsipinə əsaslanır: "Bugünkü dialoq milli iqlim ambisiyasının praktik ölçüyə çevrilməsində faydalı ola biləcək siyasət variantlarını müzakirə etmək və fikir mübadiləsi üçün əhəmiyyətli olacaq. Çünki heç bir tək qurum, sektor və ya iştirakçı bu keçidi təkbaşına həyata keçirə bilməz. Uğur hökumət və maraqlı tərəflər arasında ambisiyanı fəaliyyətə və öhdəlikləri nəticələrə çevirmək üçün birlikdə işləyən tərəfdaşlığın gücündən asılı olacaq".

Digər xəbərlər