Azərbaycanda ictimai nəqliyyat sahəsində elektrik enerjisi ilə hərəkət edən nəqliyyat vasitələrinin şarj olunmasında bərpa olunan enerji mənbələrindən istifadə edilməsi pilot layihələr şəklində həyata keçirilə bilər.
"Report" xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparat rəhbərinin müavini Fərman Qurbanlı bu gün Bakıda keçirilən 9-cu Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Dialoqunda bildirib.
Onun sözlərinə görə, enerjidən daha səmərəli istifadə yanma prosesi nəticəsində əmələ gələn emissiyaların azalmasına şərait yaradacaq ki, bu da öz növbəsində 7-ci Dayanıqlı İnkişaf Məqsədlərinə dəstək verəcək: "Ölkədə metanın birbaşa atmosferə birbaşa atılması səbəbindən yaranan emissiyaların minimuma endirilməsi məqsədilə əməliyyat prosesləri təkmilləşdiriləcək və daha müasir texnologiyalar istifadəyə veriləcək".
F. Qurbanlı qeyd edib ki, avadanlıqlarda və boru kəmərlərində sızmaların aşkarlanması və aradan qaldırılması, emissiyaların kompensasiyası ilə bağlı proqramların hazırlanması, meşə massivlərinin bərpası və bərpa olunan enerji layihələri vasitəsilə istixana qazlarının azaldılması da nəzərdə tutulan tədbirlər sırasındadır.