Azərbaycan təbii qazın beynəlxalq bazarlara etibarlı çatdırılmasını və ixrac marşrutlarının şaxələndirilməsini enerji təhlükəsizliyinə töhfəsinin əsas istiqamətləri kimi qiymətləndirir.
"Report" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkə hesabında yazıb.
O, Moskvada keçirilən Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) 8-ci Sammitində təbii qazın qlobal enerji təhlükəsizliyində artan rolunu, etibarlı təchizatın, uzunmüddətli investisiyaların və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Nazir Azərbaycanın 16 ölkəyə qaz tədarük etdiyini, ixrac marşrutlarının şaxələndirilməsi və etibarlı tərəfdaşlıqların inkişafı ilə enerji təhlükəsizliyinə töhfə verdiyini qeyd edib.
Azərbaycanın enerji strategiyasından danışan P. Şahbazov Cənub Qaz Dəhlizinin yeni təchizat istiqamətlərinin formalaşdırılması, bazarların diversifikasiyası və uzunmüddətli tərəfdaşlıq münasibətləri baxımından mühüm strateji dəyər daşıdığını vurğulayıb.
"Təxminən 20 ildir qaz ixracatçısı olan Azərbaycan son 6 il ərzində Avropa bazarında tədarük coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirərək Mərkəzi Avropa regionuna, həmçinin Yaxın Şərq ölkələrinə çıxış imkanı qazanıb. Hazırda 16 dövlətə təbii qaz tədarük edən Azərbaycan boru kəmərləri vasitəsilə qaz ixracının coğrafi əhatə dairəsinə görə beynəlxalq miqyasda öncül mövqelərdə yerləşir. Bu günədək Türkiyəyə 131 milyard, Avropaya 66 milyarddan, Gürcüstana 37 milyarddan artıq, Suriyaya isə 1,7 milyard kubmetr həcmində qaz göndərilib", - nazir bildirib.
O Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi ilə ekoloji öhdəliklərin bir araya gətirilməsinə söykənən siyasət yürütdüyünü bəyan edib. Azərbaycan Prezidentinin "yaşıl enerji keçidi"nə sadiqliyinin enerji sahəsindəki real vəziyyətə praqmatik münasibətlə müşayiət olunmasının zəruriliyinə dair tutduğu mövqe diqqətə çatdırılıb.
Bildirilib ki, Azərbaycan təbii qaz ehtiyatları ilə bərpa olunan enerji mənbələrinin paralel şəkildə inkişaf etdirilməsi yolu ilə daxili enerji təminatını möhkəmləndirir və ixrac üçün əlavə resurs potensialı yaradır.
Sonda Azərbaycanın GECF platforması daxilində əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsinə və qarşılıqlı mənfəətə əsaslanan enerji tərəfdaşlığının genişləndirilməsinə sadiqliyi ifadə olunub. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanın sabit və güvənilir tərəfdaş olduğunu bildirib, Azərbaycan Prezidenti İlham Əliyevlə müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əməkdaşlığın genişləndirilməsi məsələləri üzrə intensiv dialoqların aparıldığını qeyd edib.