“Azərişıq” ASC 2023–2027-ci illər üçün strateji inkişaf planını (ASDP) təsdiq olunması məqsədilə Azərbaycan hökumətinə təqdim edib.
Bu barədə “Report” Asiya İnkişaf Bankının (ADB) Azərbaycanın elektrik enerjisi sektorunun maliyyələşdirmə proqramının (birinci tranş çərçivəsində) başa çatması ilə bağlı yekun hesabatına istinadən xəbər verir.
ASDP təkcə elektrik enerjisi paylanmasının mövcud sisteminin gücləndirilməsinə deyil, həm də onun modernləşdirilməsinə və “Azərişıq” ASC-nin liberallaşdırılmış elektrik enerjisi bazarında fəaliyyətə hazırlanmasına yönəldiləcək. Hesabatda qeyd olunub ki, ADB həmçinin qüvvəyə minəcəyi təqdirdə “Azərişıq” və Azərbaycanın elektrik enerjisi sisteminin liberallaşdırılmış bazarda fəaliyyət göstərməsinə imkan verəcək Şəbəkə Məcəlləsi layihəsinin hazırlanmasını da dəstəkləyib.
“Proqram çərçivəsində “Azərişıq” nümayiş etdirdi ki, o, paylama sisteminin səmərəliliyini davamlı olaraq təkmilləşdirə bilər və sərmayələri ağıllı şəkildə prioritetləşdirmək və faydaları maksimum dərəcədə artırmaq üçün lazım olan hər şeyə malikdir. Əsas diqqət paylayıcı sistemin yüksək itkili sahələrinə (yəni əsasən 0,4–10 kV səviyyələrində olan yerlərə) yönəldilmişdi. Onlar mənfəət-xərc təhlili apardı, maliyyə və digər nəticələri tam anlamaq üçün hər bir layihənin hüquqi aspektlərini öyrəndilər”, - ADB qeyd edir.
“Azərişıq” ASC-ni liberallaşdırılmış enerji bazarına hazırlamaq üçün ASDP paylanmış enerji mənbələrinə və batareyalara qoşulmaq üçün lazım olan sərmayələri təmin etməklə yanaşı, digər köməkçi xidmətlərə açıq çıxışı təmin edir. ADB hesab edir ki, 2024-cü ilin yanvarında qüvvəyə minəcək yeni “Energetika haqqında” qanunu da enerji bazarının liberallaşdırılması üçün əlverişli mühit yaradacaq və 2024-cü ilin yanvar ayına kimi yekunlaşdırılması və qəbul edilməsi gözlənilən Şəbəkə Məcəlləsi isə dəyişən bərpa olunan enerji (məsələn, günəş fotoelektrik və külək elektrik stansiyalarından istifadə etməklə) üçün standartlar və protokolları, enerji səmərəliliyinin artırılması üzrə tədbirləri, açıq girişi, smart şəbəkələrin olmasını və enerji ticarətini təmin edəcək.
“Azərişıq” həmçinin liberallaşdırılmış elektrik enerjisi bazarında daha yaxşı fəaliyyət göstərmək üçün potensialın inkişafına diqqət yetirir və daha çox bazar yönümlü olmaq üçün təşkilati strukturunda dəyişikliklərə hazırdır. Yeni “Energetika haqqında” qanunun qəbulundan sonrakı 5 ildə Azərbaycanın elektrik enerjisi sisteminin xərclərin tam ödənilməsi tarifləri baxımından Avropa İttifaqı standartlarına uyğunlaşdırılacağı; istehsal, ötürmə, paylama və təchizat funksiyalarının ayrılacağı; istehsal və təchizat obyektlərinin qismən də olsa özəlləşdiriləcəyi gözlənilir”, - hesabatda deyilir.
ADB analitikləri qeyd edirlər ki, enerji sektoru Azərbaycanın həm milli, həm də regional səviyyədə sosial-iqtisadi artımında mühüm rol oynayır: “Ölkə elektrik enerjisinin xalis ixracatçısına çevrilmək üçün kifayət qədər elektrik enerjisi istehsal edir. Bununla belə, bütün ölkə üzrə yüksək keyfiyyətli elektrik enerjisi xidmətlərinin saxlanılması Sovet dövründən qalma köhnə elektrik şəbəkəsinin təkmilləşdirilməsi üçün əhəmiyyətli investisiya tələb etdiyindən elə də asan iş deyil. ADB 2014-cü ildə 2015-2025-ci illər üzrə elektrik enerjisinin istehsalı, ötürülməsi və paylanmasına investisiya ehtiyaclarını əhatə edən energetika sektorunun baş planının hazırlanmasını dəstəkləyib”.
2015-ci ilin may ayında ADB 2014-cü il enerji sektorunun baş planına əsaslanan 2015–2025-ci illər üzrə investisiya planının (AIP) həyata keçirilməsi üçün maliyyə yardımı göstərmək məqsədilə “Azərişıq” ilə anlaşma memorandumu imzalayıb. 2016-cı ilin iyul ayında ADB Çoxtranşlı İnvestisiya Mexanizminin (MFF) üç tranşı vasitəsilə 7 il ərzində həyata keçirilməli olan Elektrik Enerjisinin Paylanmasının Təkmilləşdirilməsi üzrə İnvestisiya Proqramını təsdiqləyib.
“İnvestisiya proqramı ilə paralel olaraq, hökumət 2022-ci ilə qədər xərclərin tam ödənilməsi tarifləri yaratmağa çalışıb, ADB isə maliyyə bərpa planının hazırlanması və həyata keçirilməsi üçün texniki yardım göstərib”, - hesabatda deyilir.
ADB-in birinci tranşı (249,97 milyon ABŞ dolları), “Azərişığ”ın daxili resursları və hökumətdən illik kapital qoyuluşu nəzərə alınmaqla, 2016-cı ildən 2021-ci ilə qədər AIP-ə kapital qoyuluşlarının ümumi həcmi 1,58 milyard manat (938 milyon ABŞ dolları) təşkil edib. Bu, AIP-nin 2015-2025-ci illər arasında planlaşdırılan 4,6 milyard ABŞ dolları həcmindəki investisiyasının təxminən 22 %-ni təşkil edir.
“2019-2022-ci illər arasında hökumət hər il orta hesabla 106 milyon manat (62 milyon ABŞ dolları) kapital qoyuluşu edə bildi. Bu dövrdə “Azərişıq” ASC-nin öz resurslarından əldə olunan kapital daha da az - təxminən 51 milyon manat (30 milyon ABŞ dolları) olub. Bu, COVID-19 pandemiyası ilə əlaqədar iqtisadi tənəzzül və Azərbaycan hökumətinin enerji və digər sektorlar üçün xarici borclanmaya məhdudiyyətlər qoyması kimi amillərin nəticəsidir. Üstəlik, 2020-ci ildə ölkənin işğaldan azad edilmiş ərazilərinin bərpasına başlanması mövcud resurslardan düşən payın daha da azalması demək idi”, - ADB qeyd edir.