Azərbaycanda külək enerjisinin istehsalı 26 %-dən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda küləklə işləyən stansiyalarında 15,4 milyon kVt/saat enerji istehsalı olub.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26,2 % çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 880,8 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 6,1 %-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 21,8 % artaraq 123,5 milyon manat təşkil edib.

I rübdə Azərbaycanda 7 milyard 295,1 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 7,7 % çoxdur. Bunun 7 milyard 081,8 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8 % çoxdur.

Bunun 6 milyard 782,5 milyon kVt/saatı istilik elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da illik müqayisədə 7,9 % çoxdur. Su elektrik stansiyalarında istehsalın həcmi il ərzində 10,4 % artaraq 270,7 milyon kVt/saat səviyyəsində olub.

Günəş enerjisi ilə işləyən stansiyalarında 13,2 milyon kVt/saat istehsal olub ki, bu da, 2022-ci ilin yanvar-mart ayların göstəricisi ilə müqayisədə 7,3 % çoxdur.

Digər xəbərlər