Azərbaycanda benzin və dizel yanacağının istehsalı azalıb

Bu ilin yanvar-mart aylarında Azərbaycanda 337 min ton həcmində avtomobil benzini istehsal edilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu göstərici 2024-cü ilin birinci rübünün göstəriciləri ilə müqayisədə 12,4 % azdır.

Ümumilikdə, bu ilin yanvar-mart aylarında Azərbaycanda neft məhsullarının istehsalın ümumi dəyəri 1 milyard 257,1 milyon manat təşkil edib. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7 % azdır.

Bu ilin ilk 3 ayında ölkədə 552,9 min ton dizel yanacağı istehsal edilib ki, bu da ötən ilin yanvar-mart aylarının göstəriciləri ilə müqayisədə 7,8 % azdır.

Hesabat dövründə 9,2 min ton sürtkü yağları, 40,4 min ton neft bitumu istehsal edilib. Ötən ilin ilk 3 ayı ərzində Azərbaycanda sürtkü yağlarının istehsalı 36,6 %, neft bitumunun istehsalı isə 21,4 % azalıb.

Həmçinin, ilin birinci rübündə ölkədə 56,9 min ton maye qazlar, 148,8 min ton ağ neft, 45,7 min ton neft koksu istehsal edilib. Son bir ildə Azərbaycanda maye qazların istehsalı 4,5 %, neft koksunun istehsalı 25,2 %, ağ neftin istehsalı isə 6,8 % azalıb.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adınna Neft Emalı Zavodu regionumuzun yeganə neft emalı müəssisəsi olaraq, Azərbaycanın Ai-92, dizel və təyyarə yanacağı kimi yanacaq məhsulları ilə təmin etməklə yanaşı, SOCAR-ın Azərbaycandakı neft-kimya müəssisələrini də xammal ilə təchiz edir. Zavodda istehsal edilən məhsulun bir qismi isə ixrac olunur. NEZ-in istehsal gücünün artırılması, ölkənin "Avro-5" standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi, “Azərikimya” İB-nin sabit xammal təchizatı və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri ölkə sənayesi üçün mühüm əhəmiyyət daşıyır.

Digər xəbərlər

Azərbaycan nefti ucuzlaşıb 10 oktyabr, 2026 / 10:31