Azərbaycan və Qazaxıstan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunda (Orta Dəhliz) mövcud olan çatışmazlıqları aradan qaldırmalıdır.
“Report”un məlumatına görə, bunu “Euroactiv” nəşrinə müsahibəsində Qazaxıstanın xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
Onun sözlərinə görə, Çini Avropa ilə quru yolu ilə birləşbirən Orta Dəhlizin əhəmiyyəti Rusiya-Ukrayna müharibəsindən sonra artıb.
Nazir müavini iki ölkə arasında zəruri layihələrdən birinin Xəzər dənizinin Qazaxıstan sahillərində Aktau yaxınlığındakı Kurık limanının, digər tərəfdən isə Bakı yaxınlığındakı Ələt limanının genişləndirilməsini qeyd edib.
R. Vasilenko Qazaxıstan neftinin Avropa ittifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışarkən Qazaxıstanın böyük qonşusu Rusiyanın Aİ-nin sanksiyaları altına düşdüyü halda, Qazaxıstanın Avropaya ixracını pozmağa çalışdığını bildirib. O, həmin bu dövrdə Qazaxıstanın Avropaya neft ixracı ilə bağlı müəyyən dayanmaların olduğunu da etiraf edib.
Lakin nazir müavini vurğulayıb ki, sonda Qazaxıstan sanksiyalardan əvvəlki illə müqayisədə demək olar eyni həcmlərdə nefti göndərə bilib.
Xatırladaq ki, Qazaxıstan Aİ-yə əlavə neft göndərməyi təklif etdikdən sonra Rusiya Qazaxıstan neftini Avropa ölkələrinə nəql edən “Kazmunayqaz” neft terminalını bağlayıb.
R. Vasilenkonun sözlərinə görə, bu “münaqişələrin” Qazaxıstanın başqa variantlara ehtiyac olduğunu dərk etməsinə səbəb olub. O, Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri ilə ilk dəfə olaraq kiçik həcmdə Qazaxıstan neftinin daşındığını qeyd edib.