Bu ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 170 min 966,45 ton metanol (metil spirti) ixrac edib.
“Report”un Dövlət Gömrük Komitəsinin statistikasına əsasən verdiyi xəbərə görə, bu həcmdə metanolun dəyəri 47 milyon 369,75 min ABŞ dolları təşkil edib.
Bu, 2024-cü illin 5 ayının göstəriciləri ilə müqayisədə müvafiq olaraq 10,4 % az və 25,3 % çoxdur.
Hesabat dövründə metanolun ölkənin qeyri-neft sektoru üzrə ixracında payı 3,37 %, ilkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,43 % təşkil edib.
Qeyd edək ki, bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 20 milyard 966 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 11 milyard 1,1 milyon ABŞ dolları ixracın, 9 milyard 964,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 1,2 % az, idxal isə 36,5 % artıb.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - “SOCAR Metanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.