ARDNF: “Şahdəniz”dən çıxarılan qazın satış qiymətinin artması dövlətin gəlirlərini artıracaq"

Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinin strukturunda ən böyük paya malikdir.

“Report”un məlumatına görə, bu barədə Hesablama Palatasının Neft Fondunun 2022-ci il üzrə büdcəsinə verdiyi rəydə deyilir.

Fond tərəfindən təqdim edilən məlumata əsasən, 2022-ci ildə “Azəri-Çıraq-Günəşli” yatağında xam neft hasilatının həcmi 170,1 milyon barel olması proqnozlaşdırılır ki, bu da hasilatın aşağı düşməsi səbəbindən 2021-ci ilin göstəricisinə nisbətən (171,6 milyon barel) 1,5 milyon barel azdır.

Fərman layihəsinə əsasən, 2022-ci ildə mənfəət neftinin və qazın satışı üzrə Fondun daxilolmaları 5 milyard 046,5 milyon ABŞ dolları və ya 8 milyard 578 milyon 995,4 min manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2020-ci ilin müvafiq icra göstəricisindən 1 milyard 991,7 milyon manat və ya 30,2 %, 2021-ci ilin proqnoz göstəricisindən 2 milyard 139,7 milyon manat və ya 33,2 % çox və gözlənilən icra göstəricisindən 2 milyard 024,2 milyon manat və ya 19,1 % azdır.

Mənfəət neftinin və qazın satışı üzrə təqdim edilən məlumatlara əsasən 2022-ci ilin proqnozunda “Azəri-Çıraq-Günəşli” yatağında neft hasilatının gündəlik həcmində azalma müşahidə edilməsinə baxmayaraq, yeni bağlanan müqavilələrə əsasən “Şahdəniz” yatağından çıxarılan qazın satış qiymətinin əhəmiyyətli dərəcədə artması bu yataq üzrə dövlətin payına düşən gəlirlərin artmasına səbəb olacağı qənaətinə gəlməyə əsas verir ki, bu da 2022-ci ildə Fondun mənfəət nefti və qazın satışı ilə bağlı proqnozundan təxminən 6-7 % ətrafında əlavə gəlir gətirməyinə şərait yaradacaq.

Bildirilir ki, yuxarıda qeyd olunanları nəzərə alaraq Fondun büdcə ili ərzində nəzərdə tutulan proqnozdan artıq gəlirlərinin yaranması hazırda müzakirəsi davam edən İcmal büdcə göstəricilərinə təsirini şərtləndirir ki, bu da öz növbəsində qeyd edilən gəlirlərin icmal büdcə gəlirlərində əks olunması qənaətinə gəlməyə əsas verir.

Digər xəbərlər

Bakının 3 rayonunda qaz olmayacaq 23 dekabr, 2025 / 09:45
Mərdəkanda işıq olmayacaq 23 dekabr, 2025 / 09:06