2021-ci il ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 5 milyard 968,4 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 445,7 milyon ABŞ dolları və yaxud 69,4 % çoxdur.
Xatırladaq ki, 2020-ci il ərzində ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 3 milyard 522,7 milyon ABŞ dolları təşkil edir.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 155,373 milyard ABŞ dolları təşkil edib.
Qeyd edək ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.