Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan 4 milyard 612,1 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.
Bu barədə “Report”a Fonddan məlumat verilib.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 milyard 555,1 milyon ABŞ dolları və yaxud 50,9 % çoxdur.
Xatırladaq ki, 2020-ci ilin 10 ayında ARDNF-in AÇG-dən əldə etdiyi gəlir 3 milyard 057 milyon ABŞ dolları təşkil edib.
AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən bu günə qədər isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 154,017 milyard ABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.
AÇG-də BP (30,37 %), SOCAR (25 %), “MOL Group” (9,57 % 16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib) INPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %) pay sahibidir.