​“Tələbələrin şəxsi inkişaf məktəbi” yekunlaşmaq üzrədir

Bakı. 1 dekabr. REPORT.AZ/ Azərbaycan Tələbələr Birliyinin (ATB) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Tələbələrin şəxsi inkişaf məktəbi” adlı layihə yekunlaşmaq üzrədir. ATB-nin mətbuat katibliyindən “Report”a bildirilib ki, əsas məqsədi Ağcabədi, Mingəçevir şəhərlərinin müxtəlif ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan tələbələr arasında gələcəyin liderlərinin yetişdirilməsinə kömək etmək olan layihə çərçivəsində bir çox tədbirlər həyata keçirilib. Təlim və seminar formasında təşkil edən tədbirlərdə iştirak edən tələbələrə liderlik, komanda işi, şəxsi motivasiya, intervyuda necə davranmaq və digər bu kimi mövzularda məlumatlar verilib.

Bundan başqa, layihə çərçivəsində dəyirmi masa və debatların təşkili də nəzərdə tutulub ki, burada da tələbələr aktiv iştirak ediblər.

Layihə barədə məlumat verən birliyin sədri Elvin Aslanov bildirib ki, həyata keçirilən layihə regionlarda həm tələbələrin şəxsi inkişafında, həm də tələbə təşkilatlarının inkişafında müstəsna əhəmiyyətə malikdir. “ATB regionlarda tələbələrin daha innovativ ideyalarla çıxış etməsində və regionlarımızda gedən iqtisadi-sosial inkişafda tələbələrin də daha aktiv rol almasında maraqlıdır. Çünki cəmiyyətimizdə tələbələr dinamik qrup kimi əsas yükü öz üzərlərinə götürə bilərlər. Biz belə layihələri həyata keçirməyə davam edəcəyik. Bu sahədə Gənclər və İdman Nazirliyinin bizə verdiyi dəstək əvəzolunmazdır”, - E.Aslanov deyib.

Layihə çərçivəsində son tədbirləri həyata keçirəcək olan birlik Ağcabədi, Mingəçevir şəhərlərində tələbələri keçirilən tədbirlərdə daha da yaxından iştirak etməyə dəvət edir. 

Xəbər lenti