Yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndis Azərbaycan Memarlıq və İnşaat Universitetini (AzMİU)u milli intellekt mərkəzinə çevirib.
"Report" xəbər verir ki, bunu AzMİU-nun rektoru Gülçöhrə Məmmədova universitetin 50 illik yubileyi ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib.
Rektorun sözlərinə görə, universitetin 50 illik yubileyi sadəcə bir tarix göstəricisi deyil:
"Bu yubiley ölkədə memarlıq və inşaat təhsilinin formalaşması, milli mühəndislik məktəbinin yaranması və dövlət səviyyəsində ardıcıl şəkildə dəstəklənməsinin məntiqi nəticəsidir. AzMİU-nun keçdiyi inkişaf yolu Azərbaycanın ümumi sosial-iqtisadi tərəqqisi ilə sıx bağlıdır və bu yol ölkənin intellektual potensialının formalaşmasında mühüm rol oynayıb".
O qeyd edib ki, "Əsrə bərabər 50 il" devizi universitetin tarixini sadəcə zaman ölçüsü kimi deyil, Azərbaycanın inkişafına verilmiş real töhfələrin simvolu kimi ifadə edir:
"Bu yarım əsr ərzində yetişdirilən on minlərlə memar və mühəndis ölkənin şəhərlərinin, infrastrukturunun, sənaye və nəqliyyat sistemlərinin formalaşmasında birbaşa iştirak edib və AzMİU-nu milli intellekt mərkəzinə çevirib. AzMİU bu gün yalnız ali təhsil müəssisəsi kimi deyil, həm də Qarabağ və Şərqi Zəngəzurun bərpası, regionların davamlı inkişafı və ölkənin gələcək quruculuq strategiyalarında elmi və intellektual dayaqlardan biri kimi çıxış edir. Universitetin məzunları müasir Azərbaycanın memarlıq simasının yaradılmasında, böyük infrastruktur layihələrinin icrasında və mühəndis qərarlarının verilməsində aparıcı rol oynayırlar".