10 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2026-cı ildə növbəti "Yüksəliş" müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə həyata keçirilən "Yüksəliş" müsabiqəsi bu gün Azərbaycanın idarəetmə potensialının müəyyənləşdirilməsi və inkişafı istiqamətində ən mühüm təşəbbüslərdən biri kimi çıxış edir. Beş il ərzində keçirilmiş bu müsabiqələrə, ümumilikdə, 70 minə yaxın müraciət daxil olub, 116 qalib müəyyən edilib. Bu statistika azərbaycanlı istedadlı idarəçilərin layihəyə göstərdiyi yüksək maraq və etimadı aydın şəkildə göstərir.
Prezident İlham Əliyevin insan kapitalının inkişafını ölkənin əsas strateji prioritetlərindən biri kimi müəyyən etməsi bu sahədə ardıcıl islahatlara yol açıb. Bu yanaşmanın nəticəsi olaraq Azərbaycanda çoxpilləli kadr hazırlığı modeli formalaşır: məktəblilər fundamental təhsil alır, tələbələr dövlət proqramları ilə dünyanın aparıcı universitetlərində oxuyur, gənc mütəxəssislər isə dövlət qulluğu və böyük özəl holdinqlərə şəffaf seçim mexanizmləri əsasında qəbul imkanı qazanırlar.
Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini, "Yüksəliş" müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev qeyd edir:
"Prezident İlham Əliyevin strateji baxışı sayəsində ölkədə meritokratiyanın əsasları formalaşıb və yeni reallıq yaranıb. İnsan potensialının inkişafına yönəlmiş bu siyasətin əsas elementlərindən biri "Yüksəliş" müsabiqəsidir".
Müsabiqənin qalibləri uğurlarının tanınması ilə yanaşı, həm də dövlət və özəl sektorda aparıcı strukturların rəhbərləri ilə birbaşa işləmək imkanı qazanırlar. Bir il davam edən Mentorluq Proqramı çərçivəsində qaliblər böyük tədbirlərdə iştirak edir, mentorlarını rəsmi səfərlərdə müşayiət edir, ikitərəfli görüşlərə qatılırlar.
Kadr Bankı: insan kapitalının inkişafında strateji rol
Prezidentin Sərəncamına uyğun olaraq "Yüksəliş" müsabiqəsi çərçivəsində yüksək hazırlıqlı idarəçiləri və mütəxəssisləri bir araya gətirən Kadr Bankı yaradılmışdır. Kadr Bankına yalnız dövlət və özəl qurumların HR rəhbərlərinin çıxış hüququ var ki, bu da seçimin keyfiyyətini və kadrların strateji layihələrə uyğun şəkildə yönləndirilməsini təmin edir.
Bununla belə, "Yüksəliş" həm məlumat bazası, həm də ölkənin intellektual inkişafını gücləndirən dayanıqlı liderlik ekosistemi formalaşdıran unikal dövlət layihəsidir.
Dövlət "Yüksəliş" vasitəsilə cəmiyyətə mühüm mesaj verir: Azərbaycan ağıllı, potensiallı və məsuliyyətli idarəçilər axtarır, onları görməyə, dəstəkləməyə və inkişafı üçün şərait yaratmağa hazırdır. Bu, yeni idarəçi nəslinin formalaşmasında açıq və meritokratik dövlət siyasətinin bariz nümunəsidir.
Tələbə Mentorluq Proqramı vasitəsilə gələcəyin idarəçilərinin yetişdirilməsi
"Yüksəliş" ekosisteminin əsas komponentlərindən biri də Tələbə Mentorluq Proqramıdır. Müsabiqənin qalibləri bu proqram çərçivəsində ölkənin aparıcı universitetlərinin tələbələrinə mentorluq edirlər.
Artıq iki dəfə uğurla həyata keçirilmiş proqramın üçüncü mərhələsinin yaxın vaxtlarda başlayacağı gözlənilir. Onun davamlılığı və populyarlığı proqramın gənclərlə işdə strateji əhəmiyyətini göstərir.
Proqramın məqsədləri:
- idarəçilik və peşəkar təcrübənin gənclərə ötürülməsi;
- gənclərin ölkə daxilində inkişaf motivasiyasının artırılması;
- erkən karyera strategiyalarının formalaşdırılması;
- universitetlər ilə əmək bazarı arasında əlaqələrin gücləndirilməsi.
Proqram həm də ideoloji rol daşıyır. Hazırkı idarəçilərin dəyərləri, prinsipləri və liderlik mədəniyyəti gənc nəslə ötürülür. Artıq proqramın məzunlarının bir hissəsi aparıcı dövlət və özəl qurumlardan iş təklifləri alıb.
Güclü kadr ekosistemi ilə beyin axınına effektiv cavab
Bu gün dünya ölkələri ciddi problem sayılan insan kapitalı uğrunda qlobal yarışla üz-üzədir. İnkişaf etmiş dövlətlər istedadlı mütəxəssisləri cəlb etmək üçün xüsusi proqramlar tətbiq edir və bu, inkişaf etməkdə olan ölkələr üçün "beyin axını" riskini artırır.
Lakin Prezident İlham Əliyevin ardıcıl və düşünülmüş kadr siyasəti sayəsində Azərbaycan bu riski minimuma endirən dayanıqlı model formalaşdırıb.
"Yüksəliş"in seçim mexanizmi, Kadr Bankının fəaliyyəti və Tələbə Mentorluq Proqramının təsiri nəticəsində bir çox peşəkarlar gələcəyini və karyera inkişafını ölkədən kənarda deyil, məhz Azərbaycanda görür.
Bu gün müsabiqənin qalibləri, finalçıları, mentorları, ekspertləri, təşkilatçıları və tələbə mentorları birlikdə dinamik bir idarəetmə ekosistemi yaradırlar. Bu mühit artıq özünü təhsil texnologiyaları, dövlət idarəçiliyi, İT, sosial layihələr, marketinq, HR və digər sahələrdə göstərir. Bu ekosistem ölkədə innovasiyaların, sosial təşəbbüslərin və yeni idarəetmə modellərinin inkişafına mühüm töhfə verir.
"Yüksəliş" bu gün insan kapitalının qorunması və intellektual potensialın gücləndirilməsi baxımından strateji dövlət alətinə çevrilib.