Tacikistan və Azərbaycan ətraf mühitin mühafizəsi sahəsində əməkdaşlığı genişləndirmək, o cümlədən 2027–2028-ci illər üçün birgə proqram hazırlamaq niyyətindədir.
"Report" Tacikistan Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinə istinadən xəbər verir ki, bu məsələ komitə sədri Bahodur Şeralizoda ilə Azərbaycanın ekologiya naziri Rəşad İsmayılov arasında Antalyada keçirilən COP31 çərçivəsində baş tutan görüşdə müzakirə edilib.
Görüş zamanı tərəflər iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin və təbii ekosistemlərin qorunması sahəsində qarşılıqlı fəaliyyət perspektivlərini müzakirə ediblər. Ekspertlər arasında təcrübə mübadiləsini, birgə tədbirlərin keçirilməsini və təbiəti mühafizə təşəbbüslərinin həyata keçirilməsini nəzərdə tutan 2027-2028-ci illər üçün birgə ekoloji əməkdaşlıq proqramının işlənib hazırlanmasına xüsusi diqqət yetirilib.
Tacikistan tərəfi ölkənin 2040-cı ilə qədər yaşıllaşdırılması üzrə dövlət proqramı çərçivəsində iki milyard ağacın əkilməsi təşəbbüsünü təqdim edib və Azərbaycana meşələrin bərpası, tinglərin yetişdirilməsi və yaşıllıqların idarə edilməsi sahəsində təcrübə mübadiləsi aparmağı təklif edib.
Bundan əlavə, tərəflər rəqəmsal ekoloji monitorinq, buzlaqların qorunması, dağ ekosistemlərinin mühafizəsi və birgə layihələrin həyata keçirilməsi üçün beynəlxalq maliyyənin cəlb edilməsi sahəsində əməkdaşlıq imkanlarını nəzərdən keçiriblər.
Görüşün yekunlarına əsasən, tərəflər ekspert mübadiləsini, biomüxtəlifliyin qorunması və ya iqlim dəyişikliyinə uyğunlaşma sahəsində birgə layihə konsepsiyasının hazırlanmasını əhatə edəcək 2027-2028-ci illər üçün praktiki əməkdaşlıq planının razılaşdırılmasında maraqlı olduqlarını təsdiqləyiblər.