Bakıda keçirilən "Dini düşüncə mədəniyyəti: pedaqoji perspektivlər" konfransında "Dini fanatizm, xurafat və radikalizmlə mübarizədə məktəbin maarifləndirici missiyası" mövzusunda panel təşkil edilib.
"Report" xəbər verir ki, müzakirələr Azərbaycan İlahiyyat İnstitutunun Elm və innovasiyalar üzrə prorektoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlovun moderatorluğu ilə keçirilib.
Paneldə Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov, Azərbaycan İlahiyyat İnstitutunun İlahiyyat fakültəsinin dekan müavini, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Əhməd Niyazov, Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, "Hacı Cavad" məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru İbrahim Quliyev məruzələrlə çıxış ediblər.
Mirniyaz Mürsəlov bildirib ki, Azərbaycan cəmiyyətində müstəqillikdən sonra dinə maraq artıb:
"Bu proses əvvəlcə nisbətən tədricən inkişaf etsə də, sonradan qloballaşan dünyada baş verən xarici təsirlərin də təsiri ilə daha sürətli xarakter almağa başlayıb. Xüsusilə gənc nəsil arasında dinə maraq daha dinamik şəkildə müşahidə olunur. Biz gənclərin dini dəyərlərə maraq göstərməsini təbii və normal qarşılayırıq, lakin onların fanatizm və radikalizmə meyil etməməsini də arzulayırıq".
Mehman İsmayılov bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı nəticəsində radikal təfsirlərə qarşı sağlam dini biliklərin tədrisi üçün fəaliyyət planı hazırlana bilər:
"Natamam dini təhsil, ailə və sosial mühitin təsiri, psixoloji amillər, yanlış dini təbliğat, rasional düşüncə azlığı kimi şeylər dini fanatizmə gətirib çıxaran amillərdir".
Asəf Qənbərovun fikirincə isə problem dini təhsilin olub-olmamasında deyil:
"İstər inteqrativ formada, istərsə də müstəqil fənn kimi təqdim edilsin, dəyərlər, dini-mədəni və ya əxlaq təhsili müxtəlif formalarda həyata keçirilə bilər. Əgər məqsəd yalnız informasiya verməkdirsə, bu, gənclərin dünyagörüşünün və dəyər sisteminin formalaşması üçün yetərli olmaya bilər. Əsas məqsəd bilginin dəyərə çevrilməsi, gənclərdə tənqidi düşüncə, məsuliyyət və sağlam mövqe formalaşdırmaq olmalıdır".
Əhməd Niyazov vurğulayıb ki, radikal yanaşmalar, fanatizm və xurafat kimi halların hamısı insanların təhrif olunmuş davranışlarından qaynaqlanır:
"Bu, dinin özü ilə bağlı deyil, onu düzgün anlamayan insanların fəaliyyəti ilə əlaqəlidir. Bu səbəbdən bizim əsas vəzifəmiz məktəb və digər təhsil müəssisələrində, həmçinin, sağlamlıq və sosial sahədə çalışan mütəxəssislərin formalaşdırılmasında elmi və əsaslı yanaşmanı təmin etməkdir".
Panel sual-cavab sessiyası ilə davam edib.