ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları başlayandan bəri - fevralın sonundan Hörmüz boğazında və ona bitişik sularda azı 25 dənizçi ölüb.
"Report" xəbər verir ki, bu barədə "Al Jazeera" BMT Baş katibinin Yaxın Şərq, Asiya və Sakit okean regionu üzrə köməkçisi Xaled Xiarinin bəyanatına istinadən məlumat yayıb.
Onun təqdim etdiyi məlumatlar noyabrın 11-dək olan dövrü əhatə edir. Xiari boğaz bölgəsində insidentlərin sayının artdığını qeyd edərək, oktyabr ayında onların sayının münaqişə başlayandan bəri maksimuma çatdığını vurğulayıb.
"Bu vəziyyətin normaya çevrilməsinə yol vermək olmaz", - o bildirib və regionda dəniz gəmiçiliyinin tam bərpa olunmasına çağırıb.
Beynəlxalq Dəniz Təşkilatının məlumatına görə, martın 1-dən noyabrın 11-dək Hörmüz boğazında və Yaxın Şərqin digər bölgələrində gəmilərlə bağlı 136 təhlükəsizlik insidenti qeydə alınıb. Onlardan 35-i oktyabrda, 10-u isə noyabrda baş verib.