"Reuters": Tramp APEC çərçivəsində Si Cinpin və Putinlə görüşəcək

ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çin Xalq Respublikasının (ÇXR) Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 33-cü illik sammiti çərçivəsində ÇXR Sədri Si Cinpin və Rusiya lideri Vladimir Putinlə görüş keçirmək niyyətindədir.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin nümayəndəsinə istinadən "Reuters" agentliyi məlumat yayıb.

Məlumata görə, görüş zamanı Tramp nüvə silahlarının ixtisarı məsələsini müzakirə etmək istəyir. Lakin rəsmi şəxs qeyd edib ki, ABŞ bu sahədə hər hansı bir razılığın əldə olunmasını gözləmir.

Daha əvvəl "The Wall Street Journal" (WSJ) qəzeti ABŞ və Çinin üç ölkə liderlərinin mümkün görüşünün formatını razılaşdıra bilmədiyini bildirib. İddia olunub ki, Pekin görüşü əvvəlcədən yazılmış ssenari üzrə keçirmək istəyir, buna əsasən hər bir lider hazırlanmış bəyanatı oxuyacaq və tərəflərin sərbəst müzakirə aparması üçün demək olar ki, heç bir imkan qalmayacaq. Tramp administrasiyası isə əksinə, daha sərbəst fikir mübadiləsində təkid edir.

Bununla yanaşı, nəşr vurğulayıb ki, Çin denuklearizasiya məsələsi üzrə üçtərəfli danışıqlarda iştirak etməyə razı olmayacaq, çünki öz nüvə arsenalının Amerika və Rusiyadan geri qaldığı vəziyyətin möhkəmlənməsindən ehtiyat edir.

Digər xəbərlər