Venesuela Karib dənizində ABŞ administrasiyasının sanksiyaları altında olan gəmilərin ələ keçirilməsi fonunda Amerikanın "Chevron" şirkətinə məxsus və Venesuela nefti ilə yüklənmiş tankeri ABŞ-yə yola salıb.
"Report" xəbər verir ki, bu barədə Bolivar Respublikasının İcraçı vitse-prezidenti, karbohidrogenlər naziri Delsi Rodriqes öz "Telegram" kanalında tankerin dənizə çıxışını əks etdirən video paylaşaraq məlumat yayıb.
"Ölkəmizdən Amerikanın "Chevron" şirkətinə məxsus Venesuela nefti daşıyan gəmi neft sənayemizin üzərinə götürdüyü öhdəliklərin icrası normalarına ciddi şəkildə uyğun olaraq Birləşmiş Ştatlar istiqamətində yola düşür", - deyə Rodriqes yazıb. O vurğulayıb ki, Venesuela hər zaman milli və beynəlxalq hüquqa hörmətlə yanaşıb və yanaşacaq, heç kim respublikanı tərəqqi və qələbə yolunda dayandıra bilməyəcək.