Tailandın cənubundakı Tranq əyalətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.
"Report" xəbər verir ki, bu barədə "Khaosod" qəzeti məlumat yayıb.
Hadisə bazar gününə keçən gecə baş verib, Pxuket-Betonq marşrutu ilə hərəkət edən avtobusda cəmi 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarət alıb.
Qəzetin yazdığına görə, yol-nəqliyyat hadisəsi sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş vermiş ola bilər. Lakin sürücü hüquq-mühafizə orqanlarının əməkdaşları ilə söhbət zamanı bildirib ki, onun qarşısına motosiklet çıxıb. Bununla belə, yaxınlıqda olan patrul bu versiyanı təkzib edərək heç bir motosikletin görünmədiyini bildirib.
Faktla bağlı araşdırma aparılır.