Sloveniyada dövlət administrasiyasının 15 mindən çox əməkdaşının şəxsi məlumatları oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə ölkənin İnformasiya Təhlükəsizliyi İdarəsi məlumat yayıb.
Kiberhücum Sloveniya dövlət qurumlarının istifadə etdiyi "HCL Domino" poçt və sənəd dövriyyəsi sistemi vasitəsilə həyata keçirilib. Hakerlər ölkənin dövlət qurumlarından birinin zəifliklərə malik veb-serveri üzərindən sistemə daxil olublar.
Oğurlanan məlumatlar arasında 7,2 min şifrələnmiş parol da var. İdarənin məlumatına görə, hakerlər həmin parolları deşifrə edə bilərlər.
Hücum aşkar edildikdən sonra ələ keçirilmiş server şəbəkədən təcrid olunub. Milli Kiberinsidentlərə Reaksiya Xidməti (SIGOV-CERT) texniki mütəxəssislərlə birgə hadisəni araşdırır. İdarə dövlət qulluqçularına hesablarının parollarını dəyişməyi tövsiyə edib.