Çin Afrikaya müasir silahların tədarükünü genişləndirir

Çin Afrikaya daha inkişaf etmiş silahların, o cümlədən hava hücumundan müdafiə sistemlərinin, hücum dronlarının və elektron müharibə sistemlərinin tədarükünü genişləndirir, ənənəvi kiçik silah, zirehli maşın, yük maşını və artilleriya ixracını tamamlayır və hərbi təchizatda Qərb ölkələrini, xüsusən də Fransanı geridə qoyur.

"Report" "South China Morning Post" (SCMP) qəzetinə istinadən xəbər verir ki, bu barədə nəşrin sorğuladığı tədqiqatçılar və Çin hərbi texnikasının Afrika ölkələrində peyda olması ilə bağlı məlumatlar göstərir.

Aprel ayında Malinin hərbi karvanının tərkibində "Janes" analitik şirkətinin Çin istehsalı olan "Yitian-L" zenit-raket kompleksləri kimi müəyyənləşdirdiyi dörd maşın müşahidə edilib. Sentyabrda isə Burkina-Faso prezidentinin administrasiyası hərbi texnikanın sınaqdan keçirilməsi və yoxlanılması ilə bağlı görüntülər yayıb. Müşahidəçilərin qiymətləndirməsinə görə, kadrlarda mobil müşahidə radiolokasiya stansiyası və "Norinco" şirkətinin istehsalı olan "Sky Dragon" ailəsinə məxsus kompleksin buraxılış qurğusu əks olunub.

Öz növbəsində, Kot-d"İvuar avqust ayında "Wing Loong II" zərbə pilotsuz uçuş aparatlarını nümayiş etdirib. SCMP-nin məlumatına görə, bu dronlar 2024-cü ilin iyununda Çinin dövlət şirkəti "Catic" ilə bağlanmış müqavilə əsasında tədarük edilib.

Nəşr Sahel ölkələrinə silah tədarükündə də dəyişikliklərin müşahidə olunduğunu qeyd edir. Mali və Burkina-Faso Fransa ilə müdafiə sahəsində əməkdaşlığı dayandırıb, həmçinin ABŞ-ın təhlükəsizlik sahəsində yardımla bağlı məhdudiyyətləri ilə üzləşib.

Mali, Burkina-Faso və Niger 2023-cü ilin sentyabrında Sahel Dövlətləri Alyansını yaradıb, 2024-cü ilin iyulunda isə onu konfederasiyaya çeviriblər. Hərbçilərin hakimiyyətə gəlməsindən sonra bu ölkələr Fransa ilə əməkdaşlığı azaltmağa və digər tərəfdaşlarla əlaqələri inkişaf etdirməyə başlayıblar.

Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) silah tədarükü proqramının tədqiqatçısı Katarina Cokiç Çin silahlarının, o cümlədən texniki xidmət xərclərinin münasib olmasını mühüm amil adlandırıb. Onun sözlərinə görə, Çin istehsalı olan silahları Qərblə yaxşı münasibətləri qoruyub saxlayan dövlətlər də alır.

Digər xəbərlər