ABŞ-nin 11 ştatında "Halloween" bayramı ilə əlaqədar istirahət günlərində atışma nəticəsində azı 15 nəfər ölüb, daha onlarla insan yaralanıb.
"Report" "USA Today"ə istinadən xəbər verir ki, ən ciddi hadisə Dallasda qeydə alınıb, burada 75 dəqiqə ərzində baş verən üç insident nəticəsində dörd nəfər ölüb və 15 nəfər yaralanıb.
Alabama ştatının Birmingem şəhərində yerli universitetlər arasındakı futbol matçından sonra "Legion Field" stadionu yaxınlığında baş verən iki atışma nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb.
Delaver ştatında iki atışma nəticəsində bir nəfər ölüb, daha 14 nəfər yaralanıb. Xüsusilə, Ellendeyldə açıq havada keçirilən əyləncə gecəsi zamanı 17 yaşlı qız güllələnib, daha səkkiz nəfər xəsarət alıb. Nyuarkda isə altı nəfər yaralanıb.
Kaliforniya ştatının Ferfild şəhərindəki "Spirit Halloween" mağazasında atışma nəticəsində bir nəfər ölüb, daha altı nəfər yaralanıb. İlkin məlumatlara görə, hücum məqsədyönlü olub.
İllinoys, Arkanzas, Miçiqan, Kolorado, Florida və Missisipidə də ölümlə nəticələnən atışma halları qeydə alınıb. Xüsusilə, Floridada iki nəfər ölüb, daha ən azı 11 nəfər yaralanıb, Missisipidə isə gecə klubunda iki nəfər ölüb və altı nəfər xəsarət alıb.