İran sazişin bağlanmasına ciddi yanaşmır və əldə olunmuş razılaşmaları pozmaqda davam edir.
"Report" "Aljazeera"ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Manilada ASEAN nazirlər görüşü çərçivəsində keçirilən mətbuat konfransında bildirib.
"Mən onların saziş bağlamaq niyyətinin ciddi olduğunu düşünmürəm. Problem bundadır ki, əgər insanlar razılaşmaya əməl etməyəcəksə, onlarla saziş bağlamaq olmaz", - Rubio bildirib.
Onun sözlərinə görə, Tehran razılaşmalar əldə edildikdən sonra ya onları pozur, ya da sazişlərin şərtlərini dəyişməyə çalışır.
"Görünür, İran razılaşmaya hazır deyil və bunun nəticələri ilə üzləşməli olacaq. Hər dəfə saziş bağlandıqda onu ya pozur, ya da dəyişirlər", - ABŞ Dövlət Departamentinin rəhbəri qeyd edib.
Rubio həmçinin bildirib ki, "İran saziş üçün yalvarır" və Tehrana qarşı təzyiq artacaq.
"İran üçün nəticələr onlar ağıllarını başlarına yığana qədər hər keçən gecə daha da ağırlaşacaq", - o bildirib.
Dövlət Departamentinin rəhbəri vurğulayıb ki, ABŞ-nin əsas prioriteti İranın nüvə silahına malik olmasına yol verməməkdir.